Ölümlü-itimli Dünyada risk hesablamasında etik prinsiplər 1: Bu da keçər, Ya Hu...
Hər şeyin müvəqqəti olduğu Dünyada gələcəkdən əmin olmaq çətindir. Elə işə aldığımız insanlardan da. Bəzən riskləri minimallaşdıraq deyərkən, etik çərçivədən qırağa çıxıb qarşıdakı namizədin şəxsi sərhədlərinin aşıldığı hallarla rastlaşırıq. Bu bloqda işəgötürmə zamanı şirkətin riskləri nəzərə alması və etik kodeksi, həmçinin hüquqi tələbləri gözləyərək qərəzli yanaşmadan çəkinməsi arasındakı dilemmadan danışacağıq. Məqsəd, mövcud yanaşmaya hərtərəfli nəzər salaraq həm işəgötürənin, həm işçinin maraqlarını müzakirə etmək və ədalətli, qərəzsiz, tərəfsiz bir nəticəyə varmaqdır. Qeyri-etik kriteriyalar bəzən birbaşa vakansiyalarda qeyd olunur, yaxud müsahibədə aşka soruşulur, bəzən isə CV-də qeyd olunduğu üçün gizli şəkildə seçim prosesində nəzərə alınır.
İşəgötürmə zamanı diqqət edilən məqamlar
Öncəliklə, gəlin insan resurslarının işəgötürmə zamanı diqqət yetirdiyi, lakin qeyri-etik, yaxud birbaşa hüquqa zidd olan çox rast gəlinən halları və onların arxasında yatan səbəblərə baxaq:
Cins - bəzi pozisiyalar üçün "qadın namizəd", "kişi namizəd" tələbi qoyulur ki, bu hüquqa birbaşa ziddir. Çünki cinsi ayrıseçkilik daşıyır və konstitusiyadakı maddənin tapdanması deməkdir. Bu faktor işəgötürən üçün niyə önəmlidir?
Bəzi peşələri sadəcə müəyyən cinsin nümayəndəsinin həyata keçirə biləcəyinə dair inanc;
Komandada qadın/kişi əməkdaşların azlığı və bunun az sayda olan cinsin nümayəndələri üçün komandaya adaptasiyanı çətinləşdirməsi;
Adətən qadınlarla bağlı ailə qurmaq, uşaq dünyaya gətirməkdən qaynaqlanan işə fokusun dağılması risk;
Kişilərin daha cəsarətli, qadınların daha üzüyola hesab edilməsi müxtəlif hallarda bu cinslərdən birinə üstünlük verilməsinə səbəb olar. Məsələn, qadınların daha aşağı məbləğə razı ola bilməsi, gec-gec vəzifə artımı istəməsinə dair inanclar onları daha uyğun namizəd halına gətirə bilər;
Bəzən İnsan resursların şəxsi qərəzləri də bura aid ola bilir. Qadınlar nifrət edən kişi, yaxud kişilərə nifrət edən qadın İR mütəxəssisi bəzən bunu professional həyatına da daxil edir.
Yaş - vakansiyalarda yaş həddinə rast gəlirik. Bunun da aşağıdakı səbəbləri var:
Xüsusilə fiziki işlərdə insanların müəyyən yaşdan sonra çalışmasında məhdudiyyət yaranması;
İnkişaf üçün yaş həddinin olduğunun düşünülməsi
Müəyyən yaşdan sonra qayğıların artması ilə işə olan fokusunun dağılacağına inanılması
Bürc - gülməli səslənsə də, müsahibələrdə bunun soruşulduğu ilə bağlı məlumatlara rast gəldiyim üçün bunu da siyahıya daxil etdim. Bunun arxasında real olmasa da adətən aşağıdakı səbəb dayanır:
Bürclərlə bağlı sosial mediada və kütləvi informasiya vasitələrində paylaşılan xarakterik keyfiyyətlər insanlarda qərəz yaradır. Bunun əsassız mənbə olduğu dəfələrlə sübut olunsa belə, insan psixologiyasının, beyin fəaliyyətinin necə formalaşdığını bilməyən insanlar numerologiya, astrologiya kimi psevdo elmlərə arxalana bilirlər.
Cins bölməsində qeyd olunan şəxsi qərəzlər bura da aiddir. Bəzən namizədlər sadəcə İR mütəxəssisinin rəfiqəsinin, köhnə sevgilisinin, ailə üzvünün güdazına gedə bilir.
Hərbi xidmət - kişilər üçün hərbi xidmət tələbi hərbi status daşıyan bəzi peşələr üçün önəmli olsa da, bir sıra hallarda işlə heç bir əlaqəsi olmadan tələb kimi, adətən gizli formada nəzərə alınır:
İşəgötürən işçinin hərbi xidmətə çağrılacağı halda işin yarımçıq qalmasından qorxuduğu üçün, bu xidmətə çağrılma ehtimalı olan şəxsləri qəbul etmək istəmir.
Bəzi insanlar üçün hərbi xidmət məsuliyyət və dissiplin göstəricisidir.
Yaşayış yeri - Bu adətən soruşulmasa da, CV-də bəzi hallarda qeyd olunduğu üçün İR mütəxəssisinin diqqətini çəkə bilir:
Bəzi hallarda özü ilə eyni yerdə yaşamış insana qarşı müsbət təəssürat yarana bilər;
Bəzi məşhur ünvanlarla bağlı qəlibləşmiş mənfi fikirlər namizəd haqqında mənfi təəssürat yarada bilər;
İş yeri ilə yaşayış yeri arasında uzaqlıq potensial işə gecikmə, tıxaclar səbəbindən əməkdaşın daha çox yorulması və tez tükənməsi riski daşıyır.
Doğum yeri - Mərhum türk sənətkarı Barış Mançonun da dediyi kimi "hemşerim, memleket nere?" bizim coğrafiyanın xarakterik sualıdır. Bürclər haqqında qeyd olunan məqamlar eynilə bura da aiddir:
Bəzi regionlarımız haqqında müsbət, yaxud mənfi təəssürat işəgötürmə prosesinə də təsir edir;
İR mütəxəssisinin keçmiş müsbət və mənfi təcrübələri şüurlu, yaxud şüursuz formada qərarverməyə təsir edə bilər.
Ailə vəziyyəti - bununla bağlı hər iki cinsin nümayəndəsinə qarşı münasibətdə müəyyən fərqlər var:
Kişilər üçün ailəli və övlad sahibi olmaq işə daha bağlı olmaq əlamətidir. Çünki bu halda kişilər çox çətin vəziyyətlərdə belə işdən ayrılmağa meyilli olmur.
Qadınlar üçün isə bu ailənin ön plana keçməsi mənasına gəlir. Bəzən isə ailədə əsas gəlir mənbəyi kişi hesab edildiyi üçün qadının belə halda işdən daha tez əlini üzə biləcəyinə dair inanc İR mütəxəssisləri üçün siqnal halına gəlir.
Bəzən isə uzunömürlü ailə məsuliyyət göstərici olduğu üçün yüksək performans və loyallıqla asossiasiya olunur.
Yuxarıda sadalanan əsaslı və əsassız bütün səbəblərin bir istiqaməti var: işin davamlılığını təmin etmək və daha sadiq, güclü namizəd tapmaq. İşçilərin işdən ayrılması, səssiz istifa, yaxud fəaliyyətsizlik hər bir şirkət üçün riskdir. Bəs bu riskləri minimallaşdırmağın etik sərhədi haradır?
İlk olaraq, startup üzərində çalışan biri kimi məni qorxudan və başıma gələn məqamları qeyd edəcəyəm. Etiraf etmək çətin də olsa, məni narahat edən, lakin əslində qeyri-etik olan kriteriyalardan bəhs edəcəyəm.
Əvvəl heç fikir vermədiyim və problem yaşamadığım məqamlardan danışmaq istəyirəm: heç zaman cins, ailə vəziyyəti, doğum yeri, bürc amilinə fikir verməmişəm. Bununla bağlı problem yaşadığım da olmayıb. Komanda da oğlan, ya qız sayına da əhəmiyyət verməmişəm. Etiraf etməliyəm ki, özüm qadın olduğum üçün komanda da həmcinslərim olmasını arzulamışam, lakin işəgötürmə prosesində bunu əsas götürməmişəm. Çünki bizim statup üçün texniki kriteriyalar ön planda idi və ümumiyyətlə, belə tələbləri nəzərə almaq ağlımıza da gəlməmişdi.
Yaşayış yeri də nəzərə almadığım səbəblərdən idi. Lakin arada saat fərqi çox olan ABŞ-da yaşayan komanda üzvü ilə əməkdaşlıq eləmək çətin oldu. Ondan sonrakı hallarda bunu nəzərə almalı olduğumu anladım. Saat fərqi önəmli amil olduğu üçün bunu qeyri-etik hesab etmədim, çünki komanda üzvlərinin eyni saatda oyaq olması əməkdaşlıq baxımdan önəmlidir.
Hərbi xidmət açıq etiraf etməsəm də, daxilən məni narahat edən səbəb olub. Bu riski həmişə nəzərə almışam. Vaxt məhdud idi, hər dəqiqə developer dəyişmək işi çətinləşdirərdi. Üstəlik kod yazmaq elə bir işdir ki, birinin bitirdiyini başqası tamamlaya bilmir. Korporativ bir şirkət olduğumuz zaman, bu kriteriya daha az önəmli olar.
Şər deməsən, xeyir gələrmi?
Doğum, evlilik, əsgərlik - bunlar bir ortaq nöqtəsi var: planlaşdırıla bilməsi. Həyatda isə planlaşdırıla bilməyən şeylər var: aşiq olmaq, boşanma, konflikt, qəza, xəstəlik, ölüm. Artıq uzun müddət evli və övladlarını böyütmüş əməkdaşınız ani bir qərarla boşanma prosesinə başlaya 1 il çəkən ağır bir boşanma prosesi, üstəgəl 6 aylıq yas müddəti yaşayaraq fiziki olaraq sizinlə olsa da, fikrən işdən uzaqlaşmış və bütün məhsuldarlığını itirmiş ola bilər. Yaxud məşhur "İzdiham" jurnalının dizayneri kimi, sizin subay dizayner də aşiq olub beynini söndürə bilər. Həyatın acı silləsi hər birimizə dəyə bilər və geriyə sadəcə bunu qəbul etmək qalar.
Həyat surprizlərlə doludur və önyargılarımız heç gözləmədiyimiz yerdə bizi yanıldır. Tam sığortalanmaq üçün işə alım prosesində heç sevdikləri və ailəsi olmayan, üstəlik özünün də ölüm riskini dəqiqliklə hesablaya biləcəyimiz birini işə almalıyıq ki, bu da mümkün deyil. Hətta mümkün olsa belə, bu da bizi risklərdən tam sığortalamaz. Bununla bağlı #Kurzgesagt ( #InANutshell ) kanalının aşağıdakı videosunu izləyə bilərsiniz:
Necə davranmalı?
Xüsusilə son 10 ildə iş həyatında başqa bir inqilab var. Bir az da Z nəslinin yavaş-yavaş iş həyatına atılması, Alfa nəslinin də böyüyüb cəmiyyətə qarışması ilə, insani dəyərlər, hüquqlar, şəxsi sərhədlər anlayışı ön plana çıxdı. Artıq iş həyatında insanlar görmək istədiyi dəyəri dilə gətirir, haqqı tapdandıqda bunu qorxmadan ictimailəşdirirlər. Bu müsbət haldır. Bütün risklərdən qaça bilmərik. Bəzən etməli olduğumuz bunlara qucaq açmaqdır. Çünki insan olmaq tam da budur: hamıdan eyni olmasını gözləməmək, hər kəsin fərqli taleyinə özü ilə birgə qucaq açmaq. Xüsusi qayğıya ehtiyacı olan övlad analarına, xəstəliklə mübarizə aparan əməkdaşlarımıza, yas periodu keçən yoldaşımıza, valideyn olmaq istəyənə, ailə qurmaq istəyənə, boşanmaq istəyənə, hətta 0-dan həyatını dəyişənə. Bunların bir çoxunu öncədən görmək mümkün deyil, çünki lazım da deyil. Nə qədər qorxsaq da bunlarla yaşamağı öyrənmək lazımdır. Çünki bunlar insan olmağın ayrılmaz parçasıdır.
Hər zaman hər şey baş verə bilər. Barmağımızın yaralanmaması üçün maksimum tədbir görüb buna arxalanmaq əvəzinə, paralel olaraq olduğumuz yerdə ilk tibbi yardım çantası saxlamaq yaxşı olar. Risklərlə mübarizənin ən yaxşı üsullarından biri ondan qaçmaq əvəzinə o baş verərsə, nə etməli olduğumuzu bilməkdir. Məsələn, ən kiçik addım kimi SƏTƏM təlimlərini nümunə göstərmək olar. Digər bir məişət nümunəsi yaşlı nəslin nümayəndələrinin özlərinə aid "kəfən pulu" adlanan toxunulmaz vəsaitlərinin və hazır yazılmış vəsiyyətnamələrinin olmasıdır. Keçmiş zamanda davamlı səfər edən insanların barmağında gümüş üzük gəzdirmək adəti varmış ki, qəfil ölüm zamanı həmin üzük satılaraq cənazə xərcləri qarşılana bilsin, çünki vəfat edən şəxsin ailəsini tapmaq üçün kommunikasiya vasitələri yox idi. İndi isə telekommunikasiya cihazları hədsiz inkişaf edib Həm də artıq belə işləri səyahət sığortası və tibbi sığorta həll edir.
Öz başımıza nəsə gələcəyini bildiyimiz kimi əməkdaşlarımız üçün də bunun keçərli olduğunu bilmək yaxşdır. Bu səbəbdən çətin zamanlarda bir-birini əvəz edəcək əməkdaşların olması, korporativ mədəniyyətdə çətin zamanlarda əməkdaşlara mənəvi dəstək göstərilməsi ilə bağlı nüansların nəzərə alınması və bu cür durumların baş verə biləcəyinin qəbul edilməsi olduqca önəmlidir. Unutmaq olmaz ki, işçi olmaq, artıq insan olmamaq demək deyil.
Qeyd etdiyim məqamla bağlı, yeni çəkilən #Gassal filminin ilk 3 bölümündə çox maraqlı bir hadisə baş verir. Bununla bağlı Linkedində paylaşım etmişəm, lakin məsləhət görərdim ki, "spoiler" olmasın deyə ilk filmi izləyəsiniz.
Hamınıza gözəlliklər arzu edirəm. Lakin məyusluqlar da həyatımızın bir parçasıdır. Əməkdaşlıq edəcəyimiz insanların isə vicdan, məsuliyyət, dürüstlük və digər yüksək əxlaqi dəyərlərə sahib olduğundan əmin olmaq ən yaxşı riskdən müdafiə üsuludur. Çünki hadisələr hər necə cərəyan etsə də, prinsipli insanlar həmin prinsiplərə yüksək ehtimalla sadiq qalırlar.
Xudahafiz!
Comments