top of page
Post: Blog2_Post
Writer's pictureSitara Aghasoy

Ağıllı insanlar, marjinal qərarlar

Deyir bir gün Molla Nəsrəddin yatıb yuxuda görür ki, qonşusu ona borclu olduğu 10 manat pulun 9 manatını verib deyir: "Ay Molla, gücüm buna çatdı. 9 manat yığdım, bir manatı tapa bilmədim. Xahiş edirəm, bu pulu götür, haqqını halal elə". Molla cavab verir ki, yox bəs belə olmaz, gərək 10 olsun. Qonşusu nə qədər dil-ağız etsə də, razı olmur. Elə bu dəmdə yuxudan ayılır. Görür nə pul var, nə qonşusu. Tez gözünü yumub deyir:"Ay kişi, eybi yox, 9 olsun ver."


Yox, bugünki mövzumuz yuxu yozmalarla bağlı deyil. Adından da göründüyü kimi bu gün də qərar verməkdən danışacağıq. Qərarvermə hansı sahədə olmağınızdan asılı olmayaraq, sizə ən çox lazım olacaq bir bacarıqdır. Həmçinin "İqtisadiyyatın 10 təməl prinsipi"-ndən ilk 4-nü əhatə edir. Ona görə həm iqtisadi mövzularda, həm də gündəlik həyatımızda tətbiq edə biləcəyimiz bu prinsiplər haqqında bir neçə bloq daha yazmağı düşünürəm.


Qərarlar hər zaman böyük miqyaslı məsələləri əhatə etmir, çox zaman onlar kiçik dəyişikliklərlə bağlı olur. Eyni ilə Mollanın yuxusundakı 1 manat kimi. Buna görə də Qreqor Menkyu 3-cü prinsipində "ağıllı insanlar marjinal düşünür" ("rational people think at the margin") deyib. Marginal da elə bu mənaya gəlir. Yəni, "margin" adətən, "kənar", "son hədd", "izafi" mənasını verir. Məsələn, bir oyun meydançasının kənarı. Amma, daxili yox, məhz elə kənarı, meyadançanın sərhədi, bitdiyi yer.

"Marginal changes", yəni belə desək izafi (əlavə) dəyişikliklər məsələsini meydança üzərindən izah edəsi olsaq, onda bu izafi dəyişikliklər bizim meydançanı əlavə bir metr də uzadıb uzatmamaqla bağlıdır. Biz heç də meydança tikmət və ya meydançanı ləğv edib yerində göydələn tikmək barədə düşünmürük, sadəcə niyyətimiz meydançada bəzi kiçik dəyişikliklər etməkdir.


Həyatımız da eynən bu cürdür. Biz imtahana hazırlaşanda özümüzü tamamilə dərsə həsr etmək, yaxud da dərsləri tamamilə boş verib əylənmək barədə düşünmürük. İmtahana qədər hazırlaşmaq üçün nəzərdə tutulmuş vaxtın bir gününü dostunuzun ad günü məclisinə, yaxud sevdiyiniz filmin premyerasına getmək, yoxsa evdə oturub videodərslər izləmək, məsələləri həll etməyin daha faydalı olduğunu aydınlaşdırmağa çalışırıq. Bunun üçün də izafi xərc ("marginal cost") ivə izafi faydanı ("marginal benefit") qarşılaşdırmalıyıq. Hansı ki, əvvəlki prinsipdə son hissədə bundan bir az bəhs etdik. Yəni əgər biz gündə bir saat idmanla məşğul oluruqsa, qarşılaşdırmalı olduğumuz şey əlavə 10 dəqiqənin xərci və faydasıdır. Yəni izafi fayda təbii ki, izafi xərcdən çox olmalıdır. Bir saat istirahət etməklə mən imtahandan çox aşağı nəticə almaq bahasına azca dincələcəyəmsə, mənim bir saat dincəlməyimin izafi xərci daha çoxdur. Ona görə mən bir saat daha artıq dərs oxuyub, imtahandan sonra istirahətə zaman ayıracağam.


İzafi və orta xərci (average cost) qarışdırmaq olmaz.

Orta xərc ümumi xərcin saya bölünməsidir.


Keçək bu prinsipin riyazi izahına. Təsəvvür edin ki, bir mağaza aldığımız hər növbəti məhsula ilkin qiymətin 10%-i qədər endirim edir. Biz bu məhsuldan ilkini 10 manata, ikincisini 9 manata, üçüncüsünü 8 manata alırıq. Ümumi xərcimiz 10+9+8=27 manatdır. "Average cost" (orta xərc, hər məhsul başına düşən xərc) isə ümumi xərcimizin ("total cost") məhsulun sayına bölünməsidir, Orta xərc=27/3=9 manat. İzafi xərc ("Marginal cost") isə hər bir növbəti məhsulun öz xərcidir. Yəni bizim nümunədə 3-cü məhsulun izafi xərci 8 manatdır.

Benefiti bu şəkildə rəqəmlərlə ifadə etmək çətindir. Çünki burda sizin məhsulu nə qədər qiymətləndirdiyiniz, həmçinin onun sizə faydası subyektiv və mücərrəddir. Amma belə bir həqiqət də var ki, siz bir məhsulu onun satış qiymətindən daha çox qiymətləndirirsinizsə, o zaman alırsınız, yəni sizin value (dəyər, sizə görə məhsulun dəyəri) məhsulun qiymətindən çox olmalıdır. Adətən hesab olunur ki, marjinal dəyər hər növbəti məhsulda azalır: təsəvvür edin ki, siz eyni köynəkdən daha bir neçəsini alırsınız, bu zaman onların dəyəri birincisinin dəyərindən daha aşağı olur (əgər siz Mark Zukerberq deyilsinizsə). Ona görə də gəlin izafi dəyəri azalan silsilə ilə götürək, məsələn hesab edək ki, hər növbəti məhsulun dəyəri sizin üçün ilkin dəyərin 20%-i qədər aşağı düşür; ilki dəyəri 15 manat həcmində qiymətləndirsək, ikinci 15-3=12, üçüncü 12-3=9, və s. (Cədvəl 1). Alıcı ilk 3 məhsulu alır, çünki izafi fayda izafi xərcdən yuxarıdır. Dördüncü məhsulda isə bu şərt ödənmədiyinə görə, alıcı üçün həmin məhsul boş yerə sərf olunmuş 1 manat itki deməkdir. (Cədvəl 1) Ona görə də müştəri üçün optimal ədəd 3-dür. 3-dən çox köynək almaq onun üçün pul itkisidir, yəni zərəri faydasından çoxdur.


Cədvəl 1. İzafi xərc və İzafi fayda

Əgər izafi xərc izafi zərərə bərabərdirsə, onda həmin məhsulu almaq və ya almamaq arasında heç bir fərq yoxdur. 7 məhsul aldığımız zaman isə 3 manat pul itirib, üstəlik bu pulu itirmək üçün 4 manat da pul ödəyirik. Yəni əlavə köynəyimizin olması bizim üçün dolabda əlavə yer itkisi, yuyacağımız və ütüləyəcəyimiz paltar sayının artması kimi problemlər, həmçinin ailə üzvlərimiz tərəfindən "bu nədi, 5 dənə almısan" rişxəndlərini eşitmək deməkdir. Buna görə də, ən optimal nöqtə izafi xərclə izafi faydanın kəsişmə nöqtəsidir. Həmin nöqtədən sonra xərc gəlirdən daha yüksək olur (Qrafik 1).


Qrafik 1. İzafi xərc və izafi dəyərin kəsişməsi


İstehsalatda müəyyən nöqtədən sonra marjinal artım (izafi fayda) azalır. Yəni hər əlavə çəkilən xərc artıq daha az gəlir gətirir. Bu mövzu ətraflı mikroiqtisadiyyat və firma iqtisadiyyatı fənlərində izah olunur. İndi isə bilmək kifayətdir ki, daha çox fayda bizə marjinal qərarlar verməkdə stimul rolunu oynayır.


Bax elə stimullar haqqında da növbəti bloqda danışacağıq. Hələlik isə salamat qalın. Çalışın qərar verərkən təsir altına düşməyəsiniz.


Xudahafiz!


86 views0 comments

Recent Posts

See All

Comments


Digər

bottom of page