Azərbaycandakı Əjdaha tədbirlər...
…və onları həyata keçirən Əjdaha icmalar.
Ötən bloqlarda Gürcüstanda və Avropa ölkələrində datanın sürətli inkişafından və bu istiqamətdə keçirilən tədbirlərdən ağız dolusu danışdıq və giley-güzar etdik ki, bəs o əjdahadan bizdə niyə yoxdur. Hətta özümüzə görə səbəblər də sadaladıq. Mən də istədim, bu dəfə ölkədəki əjdaha, daha doğrusu, rəqəmsal tədbirlər haqqında paylaşım.
Rəqəmsal tədbirlər deyəndə ağla ilk banklar və telekommunikasiya şirkətləri, gənclərdən ibarət təşkilatlar və ya nazirliklər və dövlət qurumları gəlir. Lakin onlardan bir çoxumuz xəbərdarıq. Xəbərdar olmayanlar da, "GəncApp" yükləyərək mütəmadi bildirimlər ala bilərlər. Biz isə daha fərqli təşkilatçılardan danışacağıq. Əgər paylaşımları davamlı olaraq izləyirsinizsə, çox güman ki, bu icmaları müəyyən qədər tanıyırsınız.
Əvvəlcə qeyd etməliyik ki, beynəlxalq qurumların, transmilli şirkətlərin təşkil etdiyi tədbirləri ölkədə həyata keçirmək üçün həmin təşkilatların özləri ilə əlaqə saxlayaraq yerli nümayəndəlik yaradılır ki, bizim ölkədə də belə nümayəndəliklər var (yəni geridə qalmamışıq, : - D).
Google Developers Group Baku
İcma lideri: Malik Məmmədli
Bunlardan biri "Google Developers Group Baku", ya da qısaca "GDG Baku"-dur. "Google Developers Groups" sizi öz ölkənizdəki və Dünyadakı proqramçılarla birləşdirən icmadır.
Hər ölkədə ayrı GDG icması formalaşdırılır və təşkilatçı təyin olunur. İcma liderlərinin təşəbbüskarlığı ilə həyata keçirilən tədbirlər "Google" tərəfindən dəstəklənir.
Aşağıdakı keçiddə həm təşkilatçılar, həm də davamlı olaraq baş tutan tədbirlər haqqında öyrənə bilərsiniz:
Keçirilmiş tədbirlərin video yazıları "Youtube" kanalında yerləşdirilir:
Tensorflow User Group Azerbaijan
İcma lideri: Nicat Zeynalov
Buna oxşar başqa bir icma isə "Tensorflow User Group"-dur. Bu icma maşın öyrənməsi sahəsi ilə maraqlanan və "Tensorflow" sertifikatı əldə etmək istəyən şəxsləri bir yerə toplayır:
Data elminin inkişaf etməkdə olduğu ölkələrin hər birində belə bir icma mövcuddur.
Azərbaycanda bu icmanın 1000 nəfərdən artıq üzvü var.
İlkin olaraq üzvlər "Meetup" platformasında toplansalar da, daha rahat ünsiyyət üçün "Telegram" daxilində ünsiyyət yaradılır:
Bu icmanın üzvü olmaq və vaxtaşırı keçirilən seminarlardan xəbərdar olmaq üçün "Telegram" üzərindən qrupa qoşulmağınız kifayətdir:
Onu da qeyd edək ki, qrupa sadəcə "Tensorflow" ilə maşın öyrənməsi prosesi ilə maraqlananlar deyil, datanı öz işinə tətbiq edən hər kəs qoşulur və fikir mübadiləsi edir. Ona görə də bilik səviyyənizdən və peşənizdən asılı olmayaraq, əgər siz də data ilə işləyələrdən, və ya işləməyi öyrənənlərdənsinizsə, qrupa qoşularaq data analitikası, maşın öyrənməsi, kodlaşdırma ilə bağlı suallarınızı da soruşa, həll yolları təklif edə və fikir mübadiləsində iştirak edə bilərsiniz.
Əgər sırf "Tensorflow" "framework"-nü istifadə etməyi öyrənmək və imtahanı uğurla verib sertifikat əldə etmək istəyirinizsə, o zaman icma yaradıcıları tərəfindən təşkil olunan kurslarda iştirak üçün qrupdakı elanları nəzərdən keçirin.
İcma tərəfindən müntəzəm olaraq müxtəlif tədbirlər keçirilir ki, bu tədbirlərdə siz "Google", "Facebook" kimi beynəlxalq şirkətlərdə, həmçinin yerli şirkətlərdə çalışan mütəxəssislərin seminarlarını dinləyə, öz çevrənizi genişləndirə, həmçinin müxtəlif müsabiqələrdə iştirak edə bilərsiniz.. Bu tədbirlərin biri barəsində bloqun sonunda məlumat verəcəm.
Azerbaijan Python Users Community
İcma lideri: Şəhriyar Rzayev
Azərbaycanda "Python" üzrə qurulan rəsmi icmadır.
7000-ə yaxın "pythonista" və "pythoneer"-i bir araya gətirən, böyük hissəsini proqramçıların, bir qismini "data scientist"-lərin, bir azını da analitiklərin təşkil etdiyi bu icmada da həvəskarlar və peşəkarlar suallar verərək və bildiklərini bölüşərək qarşılıqlı müzakirələr aparırlar.
İcma proqramlaşdırma və kodlaşdırma peşəkarları ilə, onu öyrənmək istəyənlər arasında bir körpüdür.
Qrupda kodlaşdırma sahəsində tövsiyə olunan kurslar, karyera məsləhətləri, tapşırıqların və real biznes problemlərinin həlləri paylaşılır.
"Facebook" üzərindən yaradılan bu icmaya aşağıdakı keçid vasitəsilə qoşula bilərsiniz:
Həmçinin icmanın telegram qrupuna qoşulmağı da unutmayın:
Həm "Azerbaijan Python Users Community", həm də "Tensorflow Users Group Azerbaijan" icmasında iş elanlarına rast gəlmək, eyni zamanda ixtisaslı komanda yoldaşları tapmaq mümkündür.
FemTech
İcma lideri: Nəzrin Quluzadə
Bu təşkilatla hələ çox yeni tanış olmuşam. Qadınların startap, rəqəmsal texnologiyalar üzrə innovativ fəaliyyətlərində dəstək göstərən bir qurumdur.
Əsasən "Linkedin" platforması üzərindən izlədiyim bu səhifə vasitəsilə siz də davamlı olaraq paylaşılan müxtəlif tədbirlərdə iştirak edə bilərsiniz.
Linkedin keçidi: https://www.linkedin.com/company/femtechaz/
Facebook keçidi: https://www.facebook.com/FemTechaz/
Yuxarıda sizə növbəti "TFUG" tədbiri barəsində məlumat verəcəyimi demişdim. Ona görə də çox uzatmadan tədbirin detallarına keçmək istəyirəm:
Tədbir: Machine Learning Tech Talks
Təşkilatçılar: "Tensorflow User Group Azerbaijan", "Google AI"
Ətraflı: https://t.me/tensorflowazerbaijan
Qeyd: iştirak ödənişsizdir.
Hər birinizlə tədbirdə görüşə bilmək ümidilə,
Xudahafiz!
Qeyd: şəkillərlə bağlı bütün müəlliflik hüququ yerli icma təşkilatçılarına məxsusdur.
Comments