top of page
Post: Blog2_Post
Writer's pictureSitara Aghasoy

Biznes Analitikası - Gündəlik işlər

Biznes Analitiki olmaq üçün hansı keyfiyyətlərə sahib olmalı olduğumuzu öyrəndik. İndi isə gəlin kiçik biznes analitikin bir gününü nəzərdən keçirək. Öncəki paylaşımlarda da qeyd etdiyimiz kimi bir çox rəqəmsal komandalar kimi Data Science komandaları da əsasən Agile və Scrum metodologiyası üzrə idarə olunur. Odur ki, bütün komanda üzvləri gündəlik, həftəlik, aylıq və illik planlarını bu idarəetmə üsulunun tələblərinə görə tənzimləyirlər. Biznes analitiklər bu prosesin tənzimlənməsində əsas rol oynayan şəxslərdirlər. Və günün böyük hissəsini kod yazmaqla deyil, məhz aşağıdakı tapşırıqları yerinə yetirməklə keçirirlər.


Planlar hazırlamaq - işlərin doğru istiqamətdə irəliləməsi üçün həftəlik, aylıq, illik, hətta çox illik planlara ehtiyac olur. Bunun üçün periodlar üzrə doğru hədəflər və bitiş tarixləri, keyfiyyətin ölçülməsi üçün standartlar təyin olunmalı, həmçinin iş prosesinə təsir edə biləcək amillər (məsul şəxslərin iş qrafiki, digər tapşırıqlar, prosesin asılı olduğu digər şəxslər, işin çətinlik dərəcəsi, fors-major hallar) nəzərə alınmalıdır. Hazırda bir çox şirkətlər planlama prosesində Agile metodologiyası ilə uyğunlaşan Jira (Atlassian), Trello, Wrike, ClickUp kimi proqramlardan istifadə edir. Ona görə də həm bu proqramlar, həm də AgileScrum haqqında öncədən məlumatlı olmaq işinizi xeyli asanlaşdıracaq. Kiçik biznes analitik olaraq qeyd olunanların hamısına birdən bələd olmaq təbii ki, real deyil. Ona görə də, bütün bu mövzularda hər zaman biznes rəyinə ehtiyacınız olacaq. Bunun üçün internetdən etibarlı mənbələrdən araşdırma edə, şirkətdə sizdən təcrübəli və mövcud layihə ilə bağlı məlumatı olan şəxslərdən məsləhət ala, həmçinin şirkət daxili və ya digər təlimlərdə iştirak edə bilərsiniz. Yaxşı planlamanı öyrəndikcə bir çox işi yadda saxlamaqda, və layihələri idarə etməkdə daha sərbəst olacaqsınız. Bəzən planlarla bağlı dəyişikliklər ola bilər, lakin potensial problemləri nə qədər öncədən müəyyən edə bilsəniz, bu bir o qədər yaxşıdır. Hazırladığınız planlarda niyə? nə? kim? necə? nə vaxt?nə qədər? suallarını cavablandırdığınızdan əmin olun. Niyə sualı işin motivasiyasını, nə layihənin mahiyətini, kim sualı iş üzrə icraçı, cavabdeh, məsləhətçi, və məlumat verilməli olan şəxsləri (RACI matrix), necə sualı işin hansı proseslər və resurslarla görüləcəyini, nə vaxt sualı layihəni və onun mərhələlərini əhatə edən tarixləri, nə qədər sualı isə layihədə istifadə olunan resusrlar və nəticə ilə bağlı ölçülə bilən məlumatları əhatə edir. Bəzən planın mahiyyətindən asılı olaraq bu suallardan bəziləri digərlərinə nəzərən özünü daha qabarıq biruzə verir, əksər hallarda onların hər birindən istifadə olunur.


Hesabatlar hazırlamaq - işlər tamamlandıqdan sonra onlar haqqında məlumatların izlənilə və ötürülə bilməsi üçün hesabatlar hazırlanmalıdır. Hesabatlar adətən daha konkret olur və yuxarıda qeyd edilən sualların cavabı burada da qeyd olunur. Hesabatlar əsasən MS Excel proqramında hazırlanır. Vaxt itkisini azaltmaq üçün Exceldə şablon kitablar və cədvəllər hazırlaya, həmçinin bəzi funksiyaları "macrolar" vasitəsilə avtomatikləşdirə bilərsiniz. Bu zaman sadəcə müəyyən verilənləri daxil edərək, bütün bir sənədi 1 saatdan da az vaxtda hazırlaya bilərsiniz. Hətta kiçik hesabatlar üçün dəqiqələr belə kifayət edə bilər. Hesabatlar mümkün qədər yığcam, konkret amma tam məlumatlandırıcıdetallı olmalıdır. Bir sözlə, artıq məlumatlardan qaçmalı, lazımlı məlumatları isə unutmadan qeyd etməliyik.


İclaslar və görüşlər təşkil etmək - müntəzəm olaraq layihələrin gedişatı haqqında məlumatlı olmaq və lazımi yerdə doğru addımları ata bilməkdən ötrü komanda daxili və departamentlər arası görüşlərə ehtiyac olur. Bu görüşləri hamıya uyğun saatda təşkil etmək, müzakirə olunacaq mövzuların siyahısını hazırlamaq, doğru sualları ünvanlamaq və əsas punktları qeyd etmək biznes analitiklərin öhdəliyinə daxildir. Görüşdən sonra əldə olunan məlumatlara və nəticələrə əsasən qərarların verilməsində iştirak etmək, komandanı dəyişiklərdən xəbərdar etmək və lazımi materialları paylaşmaq da işimizin bir parçasıdır. Hər görüşdə lazımi məqamları unutmamaq üçün mütləq şəkildə qeydlər götürmək lazımdır. Qeydləri səliqəli formada toplamaq üçün OneNote, EverNote proqramlarından istifadə edə bilərsiniz.


Layihələrin təhlili - yuxarıda planlamadan danışmışdıq ki, bunun da əsasını analiz təşkil edir. Görülən işlərin keyifyyəti, nəticələri, şirkətə qatdığı dəyəri, xərcləri və müddətinin müəyyən olunması üçün analiz aparılmalıdır. Bu analiz nəticəsində həm kəmiyyət (quantitative), həm də keyfiyyət (qualitative) ilə bağlı məlumatlar əldə olunur. Daha sonra həmin nəticələr əsasında qərar verilir. Doğru analiz, doğru qərar deməkdir. Ona görə də məlumatlar təhrifsiz və qərəzsiz surətdə qiymətləndirilməli və çatdırılmalıdır. Təhlil üçün SWOT, PESTLE, xərc-mənfəət analizlərini aparmaq olar. Həmçinin, bir biznes analitik potensial riskləri də öncədən görüb qiymətləndirməklə məşğuldur. Hər şirkətdə bu məqsəd üçün risk komandaları yaradılmış olsa da, bəzi spesifik risklərin müəyyən edilməsində biznes analitikin də iştirakı olur. Bəzən kiçik görünən amillər böyük proseslərə təsir göstərə bildiyindən, qiymətləndirmə prosesində diqqətli olmaq və ətraflı düşünmək lazım gəlir.


Təqdimatların hazırlanması - 1 görmək 100 eşitməkdən yaxşıdır deyirlər. Layihələri müxtəlif tərəflərlə müzakirə etmək və onlarla əsas fikri bölüşmək üçün vizual qrafiklərin və şəkillərin üstünlük təşkil etdiyi maraqlı təqdimatlar hazırlamaq ən effektiv üsullardan biridir. Yaxşı hazırlanmış təqdimat həm sizi dinləyənlərin diqqətini cəlb edir, həm də çıxış zamanı fikrinizi cəmləməkdə, mövzuları xatırlamaqda sizə kömək edir. Bu cür təqdimatları MS PowerPoint və ya Google Slides proqramınının köməyilə, həmçinin SlidesCarnival, Canva, Prezi kimi maraqlı şablonları olan səhifələr vasitəsilə hazırlaya bilərsiniz. Təqdimatları daha rəngarəng etmək üçün FreePikFlaticon, Unsplash, Pexel, Pixabay kimi səhifələrdən tamamilə ödənişsiz şəkillər, vektorlar, ikonlar yükləyə bilərsiniz. Təqdimatlarda analizlər üçün BI alətlərin köməyi ilə müxtəlif qrafiklərcədvəllərin qurulması, "dashboard"-ların hazırlanması da lazım gəlir. Bunun üçün də


Araşdırma - hər zaman mövcud problemi aradan qaldırmağın yollarını və ya yeni effektif üsulların tətbiqni bilməyə bilərsiniz. Ancaq daima araşdırma apararaq yerli və beynəlxalq təcrübədə istifadə olunan müxtəlif nümunələri öyrənə bilərsiniz. Araşdırma apararkən həm akademik məqalələr, elmi araşdırmalar, həm də müxtəlif bloq yazıları, öyrədici video materiallara nəzər sala bilərsiniz. Əsas məsələ sonunda hədəf çatmaqdır. Hər zaman konkret bir mövzu üzərində tətqiqat aparmaq lazım gəlmir, işlədiyiniz sahə üzrə müntəzəm olaraq yenilikləri izləmək də biznes analitikin vacib işlərindən biridir. Həmçinin komandanızın artıq tətbiq etdiyi yeni modellər, proqramlar haqqında öyrənmək üçün də araşdırma aparmaq gərəkdir. Bir sözlə, kiçik biznes analitik olmaq, hər gün yeni nəsə öyrənmək, tətbiq etmək deməkdir. Araşdırma üçün Dataiku, Accenture, ESIThougthLab, Deloitte, E&Y kimi qurumların məqalələrini istifadə edə bilərsiniz. Həmçinin Google Scholar vasitəsilə ResearchGate, Springer, Elsevier kimi mənbələrə də nəzər sala bilərsiniz. Bəzi məqalələr ödənişli olsa da, ödənişsiz olaraq yayımlanan məqalələr də az deyil.


Yeni ideyaların təklif olunması - Müntəzəm bazar araşdırması nəticəsində öz çalışdığınız komandanın və ya şirkətin işini asanlaşdıra və ya effektivliyi artıra biləcək irili-xırdalı maraqlı fikirlər meydana gəlir. Bu cür ideyaları təkmilləşdirib komanda ilə bölüşmək, onların necə tətbiq oluna biləcəyini müzakirə etmək və beləliklə, şirkətin fəaliyyətinə fayda vermək biznes analitkasının bir parçasıdır. Sözsüz ki, ideyanın effektivliyinin ölçülməsi üçün SWOT, PESTLE və bu kimi analizlər aparılır, kəmiyyət və keyfiyyət göstərciləri nəzərdən keçirilir. Tətbiq olunacaq yeni layihənin faydası və xərci müqayisə olunur. Buna görə də ideya təklif edərkən yaradıcılıq və analitika bacarıqları bərabər istifadə olunur.


Proseslərin izlənilməsi - biz - biznes analitiklər komanda da hər kəsin effektiv işlədiyindən, iş üçün lazım olan bütün ehtiyacların təmin olunduğundan, motivasiyanın yüksək olmasından əmin olmaq üçün komanda üzvləri ilə yaxından ünsiyyət quraraq onların işi ilə tanış oluruq. Hər gün məlumatlar alaraq son vəziyyəti izləyirik və bu şəkildə nəzərdə tutulan işlərin söz verilən vaxta qədər bitəcəyindən əmin oluruq. Əgər komanda hansısa problemlə qarşılaşırsa, bunu qabaqcadan müəyyən edib həll etməyə çalışırıq, alınmadığı təqdirdə isə bu barədə lazımı şəxsləri ən qısa zamanda məlumatlandıraraq onlardan kömək alırıq.


Bunlar mənim bir iş günümü əhatə edən tapşırıqların ümumiləşdirilmiş formasıdır. Qeyd edim ki, bəzi tələblər şirkətdən və ya pozisiyadan asılı olaraq (kiçik, aparıcı, baş mütəxəssis, menecer və s.) dəyişə bilər. Lakin demək olar ki, bir çox hallarda tapşırıqlar yuxarıda saydıqlarımı əhatə edir.


Sadalanan tapşırıqlar kiməsə maraqlı, kiməsə maraqsız, kiməsə asan, kiməsə də çətin görünəcək. Ancaq hər bir işin öhdəsindən uğurla gəlməyin yolu onu məsuliyyətlə və həvəslə görmədik. Hər zaman məhsuldar olmaq qeyri-mümkündür. Əsas odur ki, işə sevgi ilə yanaşaq və hər bir tapşırığın hansı hədəfə çatmağa kömək etdiyini bilək. Bu halda həm özümüzün, həm də gördüyümüz işin dəyərini biləcəyik.

Bugünlük bu qədər. Növbəti bloqda isə, qismət olsa, biznes analitikası üzrə inkişaf və karyera yolu barəsində bəhs edəcəyik.


İş məhsuldarlığını yüksək tutmaq üçün şəxsi inkişafa, hobbilərə vaxt ayırmağı da unutmayın. Sözün həqiqi mənasında özünüzə yaxşı baxın!


Sevdiyin işi seçsən, həyatı boyunca bir gün belə işləməli olmayacaqsan.

- Konfutsi

227 views0 comments

Recent Posts

See All

Comments


Digər

bottom of page