top of page
Post: Blog2_Post

Biznes Analitikasına davam - Necə biri olmalıyıq?

Biznes Analitikasının texniki tərəflərindən bəhs etdik. Bu gün isə onun sosial bacarıqlarla əlaqəli tərflərindən danışacağıq. Sosial bacarıqlar biznes analitikinin sahib olmalı olduğu əsas bacarıqlardır (yenə də texniki bacarıqları ikinci plana qoymayaq). Çünki bu peşə sahiblərinin işi prosesləri idarə etmək, əlaqələri təmin etmək və problemləri müəyyən edib, həll yolu tapmaqla bağlıdır. Yəni bir biznes analitiki işin həm texniki tərəfini, həm də biznes tərəfini başa düşməlidir.

Korparativ mühitdə istənilən peşə sahəsi üçün sosial bacarıqlar və şəxsi keyfiyyətlər önəmlidir və bu keyfiyyətlərin kifayət qədər uzun bir siyahısı var: gördüyümüz işə fokuslanmaq, komanda daxilində işləyə bilmək, əməkdaşlar və müştərilərlə xoş rəftar etmək, ortaq sahədən doğru istifadə etmək, məsuliyyətli və dəqiq olmaq, iş yoldaşlarımıza kömək lazım olanda yardım əli uzatmaq, şirkətin resurslarından şəxsi məqsədlər üçün sui-istifadə etməmək və s. Mən isə daha çox öz iş prosesimdə mənə lazım olan və diqqət etməli olduğum spesifik məqamları sizə çatdırmaq istəyirəm. Bunun üçün öz qarşılaşdığım 8 əsas keyfiyyəti sizinlə bölüşəcəyəm. Onu da deyim ki, bu bacarıqları əhəmiyyətinə görə sıralamamışam, Sadəcə onu deyə bilərəm ki, öz qısamüddətli iş təcrübəmdə bu keyfiyyətlərin hər birinin əhəmiyyətini görmüşəm.

  1. Problem həll etmə - bu bacarıq sadəcə analitiklərə deyil, bir çox peşə sahiblərinə xasdır. Heç bir sistem mükəmməl deyil və boşluqlarla hər zaman qarşılaşa bilərsiniz. Bu zaman qarşınıza çıxan problemlərin öhdəsindən gəlmək üçün təmkinli və qıvraq zəkalı olmaq lazım gəlir. Hər bir müəssisə bu cür əməkdaşlarının olmasına önəm verir. Əgər siz də onlardan biri olsanız, karyeranızda inkişaf edəcəksiniz.

  2. Araşdırma - başqa bir bloqda da bunun haqqında danışmışdım. Araşdırma bacarığı bir analitik üçün vacib xüsusiyyətdir. Kimi zaman sosial media, kimi zaman elmi məqalələr, bəzən kitablar, bəzən də onlayn kurslar və öyrədici videolar sizə bu işdə kömək edəcək. Əgər yeni işə başlamısınızsa, sizin də mənim kimi öyrənəcəyiniz çox şey olacaq və bunu da ancaq daha çox oxumaq, daha çox araşdırmaq və qorxmadan tətbiq etməklə əldə edə bilərsiniz.

  3. Agile idarəetmə - bu yeni idarəetmə forması işçilərə və müştərilərə verilən dəyərin artdığı və proses yönümlü deyil, nəticə yönümlü inkişafın təmin olunduğu Dünya praktikasında bəyənilərək tətbiq olunan olduqca maraqlı bir sistemdir. Onlayn kurslar və materiallardan faydalanaraq bununla bağlı geniş məlumat əldə edə bilərsiniz.

  4. Analitik bacarıqlar - peşənin adından da bəlli olduğu kimi hadisələri analiz edə bilmək bacarığı burada çox vacibdir. Analitik bacarıqlar əldə olunan nəticələr əsasında problemlərin qabaqcadan müəyyən oluna bilməsi və onların həlli üçün lazımi addımlar atılması üçün lazım gəlir. SWOT (strenghts, weaknesses, opportunities, threats) və PESTLE (political, economic, social, technological, legal, environmental) analizlər ilə bağlı qabaqcadan məlumatlı olsanız əla olar.

  5. Ünsiyyət və işgüzar yazışmalar - bir biznes analitiki olaraq tərəflərin maraqlarını başa düşmək və onlara kömək edə bilmək üçün müəssisə daxilində bir çox insanla ünsiyyətdə olacaqsınız. Pandemiya dövrünü də nəzərə alsaq, çox zaman onlayn görüşlər və e-maillər bu ünsiyyətin bir parçası olacaq. Bu zaman siz həm yaxşı bir dinləyici, həm də məlumatlandırıcı şəxs qismində iştirak edirsiniz. Layihənin məqsədini düzgün çatdırmaq, potensial risklərdən və faydalardan danışmaq, qarşı tərəfin təklif və iradlarını qəbul etmək işin əsas hissəsidir. Görüşlər və yazışmalar üzrə qeydlər götürməyi unutmayın. Bu fikirlərin hər biri işin keyfiyyətli görülməsinə öz təsirini göstərəcək və növbəti görüşlərdə qarşı tərəfin suallarına cavab tapmış olacaqsınız.

  6. Sual vermək - bu mövzunu ünsiyyət mövzusundan ayırdım. Çünki bu özü xüsusi bir bacarıqdır. Bəzən qarşı tərəf öz istədiyini tam şəkildə təsvir etməkdə çətinlik çəkir. Henri Fordun məşhur bir ifadəsi var "insanların nə istədiyini soruşsa idim, sürətli bir at istəyərdilər". Bizim isə ehtiyacımız olan maşındır. İnsanların istəklərini və ehtiyaclarını anlamaq üçün onlara doğru suallar ünvanlamaq lazımdır. Nəticədə, əslində, onların A nöqtəsində B nöqtəsinə daha sürətli getmək istədiyini anlayacağıq.

  7. Çərçivə xaricində düşünə bilmək - bu bacarıq sizə həyatınızın hər anında kömək edəcəyinə əminəm. Çünki bir çox problemlər məhz düşüncələrimizə sərhədlər qoyduğumuza görə yaranır. Henri Ford insanların sürətli hərəkətini təmin etmək üçün lazım olan vasitəni ixtira etmək üçün hər kəsdən fərqli düşünərək bir çoxlarının görə bilmədiyini görmüşdü. İstənilən müəssisə daxilində bəzən çox mürəkkəb görülən problemlər sadə yolla aradan qaldırıla bilər. Yetər ki, biz həll yolunu görməyi bacaraq.

  8. Planlama - işləri önəm dərəcəsinə görə sıralaya bilmək, MS Outlook-dan istifadə edərək işlərinizi sistemli görmək, qeyd aparmaq, komanda yoldaşlarının işprosesini izləmək - bunlar hamısı planlı işin bir hissəsidir. Bundan əlavə, biznes analitiklər komanda üçün aylıq, rüblük, yarımillik, illik və çoxillik strateji planlar və tapşırıq siyahısı hazırlayırlar. Bunu edərkən tapşırıqların son təhvil verilmə tarixi, ardıcıllığı, komandanın tapşırığı verilən vaxtda yerinə yetirmə bacarığı, digər departamentlərin rolu və s, amillər nəzərə alınmalıdır. İşi planlayarkən onun həyata keçirilə biləcəyindən qabaqcadan əmin olmaq gərəkdir. Bunun üçün SMART (spesific, measurable, attainable, relevant, time-bounding) hədəfləri müəyyən edə bilməliyik.

Sosial bacarıqlarla bağlı qeyd etmək istədiyim bir məqam da ondan ibarətdir ki, onlar da eynilə texniki bacarıqlar kimi inkişaf etdirilə bilər. Doğrudur. bu keyfiyyətlərin bəziləri uşaqlıqdan formalaşır, ancaq bu o demək deyil ki, indi başlamaq gecdir və mənasızdır. Hazırda olduğunuz nöqtədən addımlamağa başlayaraq və öz üzərinizdə işləyərək bir ay sonra nə qədər dəyişdiyinizi görəcəksiniz. Bunun üçün sizə özümün də tətbiq etdiyim bir neçə sadə üsulu tövsiyyə edə bilərəm:

  • Kitab oxumaq - mövzusundan və səhifə sayından asılı olmayaraq oxumağa başlayın. Bir müddət sonra həvəs yaranacaq və kitab oxumaq sizin vazkeçilməz vərdişinizə çevriləcək.

  • Müşahidə etmək - yaradıcılıq bacarığınızı inkişaf etdirmək üçün hər zaman ətrafınızdakı əşyaları, hadisələri izləyin. Zamanla oxuduğunuz, izlədiyiniz və müşahidə etdiyiniz hər şey sizə yeni fikirlər gətirəcək.

  • Sosial mediadan istifadəni tənzimləmək - həm müddəti, həm də izlədiyiniz məzmunları nəzərdən keçirin. Təbii ki, gülüb-əylənmək üçün də sosial mediadan istifadə edirik. Ancaq izlədiyimiz paylaşımların keyfiyyətli və pozitiv olmasına diqqət edək. Əhəmiyyəti olmayan, neqativ məlumatların sizi yormasına icazə verməyin ki, işlərinizə diqqət ayıra biləsiniz.

  • Özünüzə vaxt ayırmaq - ibadət və ya meditasiya edə, sadəcə çay içib pəncərəyə baxa, hətta cizgi filmi izləyə bilərsiniz. Film yox, cizgi filmi deyirəm, çünki təsiri çox fərqlidir. Qəribə səslənsə də, aşağı yaş qrupları üçün nəzərdə tutulan proqramlar insani dəyərlərimizi bir daha nəzərdən keçirməyə və ruhən dincəlməyə imkan verir. (təbii ki, hər birinə aid deyil)

  • Xoşumuza gəlməsə də, başqalarının bizi tənqid etməsinə icazə vermək - sizi yanlış yerə tənqid etsələr belə, bu sizdən heç nə alıb götürməyəcək. Tənqidə nə qədər dözümlü yanaşsanız, bir o qədər öz üzərinizdə işləyə biləcəksiniz. Bu zaman özünüzü aşağı qiymətləndirməyin, sadəcə özünüzü olduğunuz kimi qəbul edib, hər keçən gün əvvəlkindən daha yaxşı olmaq üçün addımlayın.

  • Hər gün mütləq etdiyiniz və vaxtını dəyişmədiyiniz bir iş - bu iş sizə zamanı idarə etməkdə kömək olacaq. Vaxtını dəyişmədiyiniz işinizi olduğu zaman, başqa işləri ona uyğunlaşdırmağa çalışacaqsınız.

  • Oyunlar oynamaq - İntelektual oyunlar olsun, ya masaüstü, hətta bəzən uşaqlıq dönəmindən bəri bildiyimiz ənənəvi oyunlarımız... Bu oyunları qədərində oynamaq sizə həyatda bilik və təcrübələrinizi tətbiq etməkdə kömək edəcək. Oyunlar sadəcə uşaqlara deyil, böyüklərə də çox şey öyrədə bilir.

Yaxşı əməkdaş olmaq üçün ilk öncə yaxşı insan olmalıyıq. Özümüzü sevsək və öz çatışmazlıqlarımız üzərində işləsək, bu iş həyatımıza da təsir edəcək.


Bu günlük məndən bu qədər. Əgər sizin də bu mövzu ilə bağlı əlavələriniz varsa, şərh bölməsində qeyd edə bilərsiniz.


Uşaq sevincinizi, dəmir iradənizi və gənc dinamikanızı

hər zaman qoruyun.


Dost tapmaq üçün,

mükəmməl olmağa ehtiyac yoxdur.

Elə tapmaq üçün də...

İllustrasiya: Ülviyyə Xəlilli

81 views0 comments

Recent Posts

See All

Opmerkingen


Digər

bottom of page