top of page
Post: Blog2_Post
Writer's pictureSitara Aghasoy

İş var, pul yoxdu

Deyir bir gün Teymurləng Molladan soruşur ki, o nədir, yer üzündə nə yetişib, nə yetişir, nə də yetişəcək? Molla isə cavab verir: "Sənin işə götürəndə bizə təyin elədiyin maaş". Deyəsən, o vaxt iş olub amma, pul olmayıb. Elə indi də bəzən deyirlər iş var, pul yoxdu. Ya da tərsinə, pul var, iş yoxdu. Ya da heç biri yoxdur. Bəlkə də, hər ikisi var, amma eyni yerdə deyil. Görəsən, çatışmayan nədir?

Bir az gec, bir az tez, axır ki, gəlib çatdıq bizim görkəmli Qreqorun 10-cu və sonuncu prinsipinə. Qreqor bu prinsipdə deyir ki, qısa dönəmdə işsizlik və inflyasiya tərs mütənasibdir. Yəni ki, biri artanda digəri azalır. Özü də Menkyu bunu özbaşına demir, 1950-ci illərdə bu nəticəyə gələn iqtisadçı Uilliam Filipsə (William Phillips) istinad edir.


İlk öncə gəlin anlayaq qısa dönəm ("short-term", "short-run")uzun dönəm ("long-term", "long-run") nədir? Belə baxanda, "qısa dönəm qısa olur, uzun dönəm də uzun olur" desək məsələ çox mücərrəd olar. Çünki o asılıdır bizim necə baxmağımızdan. Onu da deyim ki, bu iki söz təkcə iqtisadi termin deyil, zamanın əhəmiyyət kəsb etdiyi bütün mövzulara aid ola bilər. Bəzi hallarda, qısa və uzun dönəmə sərhədlər qoyulur: məsələn, maliyyə alətlərində qısa dönəm alətlər 1 ilə qədər, orta dönəm alətlər 1-5 il arası, uzun dönəm alətlər isə 5 ildən artıq olaraq nəzərdə tutulur.


İqtisadiyyatda isə qısa dönəm sabit xərclərin sabit olduğu dönəmdir.

 

Buradan da başqa bir haşiyə açıb deməliyik ki, xərclər əsasən sabit ("fixed")dəyişkən ("variable") olmaqla iki yerə ayrılır.

  • Dəyişkən xərclər istehsal artdıqca aran xərclərdir: məsələn, hər əlavə peçenye üçün istifadə olunan bir qaşıq unun xərci.

  • Sabit xərclər isə istehsalatın həcmindən asılı olmayan xərclərdir: icarə haqqı kimi.

  • Bu ikisinin ortasında yarısabit ("semi-fixed"), ya da yarıdəyişkən ("semi-variable") adlandıra biləcəyimiz xərclər də var ki, onlar da müəyyən miqdara qədər sabit, ondan sonra dəyişkən olur: məsələn, ilk 100 peçenye istehsalı üçün 20 manat su pulu ödəyirik və hər 100 peçenye üçün bu məbləğin üstünə 20 manat gəlir.


Sabit xərclər özü də dəyişir, amma uzun dönəmdə: şirkət böyüyüb yeni binaya keçəndə icarə haqqı artır, işə yeni işçilər cəlb olunur, istehsalat genişləndikcə işçilərin maaşı artır və s.


Elə buna görə də zamanı sabit xərclərin sabit olduğu qısa dönəm, dəyişdiyi uzun dönəm olaraq iki hissəyə ayırırıq.

 

Əvvəlki bloqlarda inflyasiyadan geniş bəhs etmişdik. Onun səbəblərində də. Bu bloqda isə inflyasiyanın səbəb olduğu hallardan danışacağıq.


Gəlin təsəvvür edək ki, bazarda birdən-birə bütün qiymətlər 2 dəfə qalxır. Həmçinin əməkhaqqı da. Onda bizim həyatımız necə dəyişər?


Əslində, cibimizdəki nəğd pulun məbləği xaricində ciddi bir dəyişiklik olmaz.

Təbii ki, qiymət dəyişikliyinin bərabərində gətirdiyi əlavə xərclər var: məsələn, menyuların, etiketlərin dəyişdirilməsi xərci.Lakin insanların maddi vəziyyəti dəyişməz qalar.


Çünki əvvəl 200 manat maaş alıb 1 manatı konfetə xərcləməklə, indi 400 manat maaş alıb 2 manatı konfetə xərcləmək arasında heç bir fərq yoxdur.


Bazarda bütün qiymətlər 2 dəfə qalxırsa, biz öz 2 dəfə artıq gəlirimizlə 2 dəfə artıq xərclərimizi əvvəlki kimi ödəyə bilərik.


Yuxarıdakı vəziyyət nəzəri olaraq doğru olsa da, təcrübi olaraq mümkün deyil. İnflyasiya zamanı qiymətlər birdən-birə dəyişə bilmir.

Buna görə də qısa dönəmdə inflyasiya daha çətin vəziyyət yaradır. Bütün qiymətlər eyni nisbətdə ("proportional") dəyişmir. Bəzi qiymətlər qısa dönəmdə sabit qalır. Eynilə sabit xərclər kimi.

 

Qısa dönəmdə hadisələrə reaksiya ani baş verə bilmir. Necə ki avtobus birdən dayananda hamı ətalətdən dolayı müvazinətini itirir, çünki ona reaksiya verməyə gecikirlər. Ancaq bir-iki dəqiqə sonra hərkəs özünü toplayır. Yüksək sürətlə hərəkət edən ağır yük maşını da qəfil dayana bilmir. Müvafiq işarəni görəndən sonra ona dayanmaq üçün bir az zaman lazım gəlir. Ona görə də, adətən, yollarda sürət həddi tədricən aşağı salınır: sürücülər 100 km/saat-dan birbaşa 20 km/saata düşmək əvəzinə, öz sürətlərini tədricən yavaşıdırlar.


İqtisadiyyatda da bu ətalət anlayışı özünü göstərir. Yəni bazarda bütün qiymətlərin eyni nisbətdə dəyişməsi uzun-dönəmdə baş verir.

 

İnflyasiya və işsizlik

Filips və onunla həmfikir olan bir sıra iqtisadiyyatçılar iddia edirlər ki, işsizlik və inflyasiya bir-birilə tərs asılıdır, yəni inflyasiya artırsa, işsizlik azalır, inflyasiya azalırsa, işsizlik artır. Bu asılılığı Filips əyrisi ("Philips Curve") göstərir.


Asılılığın məntiqi isə bundan irəli gəlir: İnsanların əlində pul artanda, insanlar daha çox xərcləməyə meyilli olurlar, və bazar da tələb artır. Tələb artdığına görə qiymətlər qalxır, yəni infilyasiya olur. Qiymətlər qalxanda, istehsalçılar daha çox qazanacağını düşünərək daha çox istehsal etməyə meyilli olur. Daha çox istehsal edən və ya etmək istəyən istehsalçı daha çox işçi cəlb edir və beləcə işsizlik azalır. Uzun dönəmdə isə qiymət artımı tələbin azalmasına gətirib çıxarır və bu da istehsalatın, ardınca əhalinin məşğulluğunun azalmasına gətirib çıxarır. Çünki ixtisarlar başlayır.


Bu fikir hardasa 60-cı illərə qədər doğru sayılırdı. Lakin sonra müzakirələr genişləndi. 1070-ci illərdə baş verən "stagflation" ("stagnation + inflation" yəni bazar durğunlu və inflyasiyanın eyni anda baş verməsi) Filips əyrisinin həqiqəti tam əks etdirmədiyini göstərdi. Hətta Milton Firedmanın bu mövzuda Nobel mükafatı ilə təltif olunamsına səbəb olan araşdırması da mövcuddur.


İşsizlik və infıyasiya mövzusu dərindir. İqtisadiyyat tamamilə insan davranışları üzərindən formalaşdığı üçün elə ən az insanlar qədər qəlizdir. İqtisadiyyatı başa düşmək üçün ilk öncə insanları başa düşmək lazımdır. İnsanlar isə müxtəlifdir. Buna görədir ki, bəzən oxşar hadisələrin müxtəlif nəticələri olur.


Davranışlarınızın sizə və ətrafınıza müsbət təsir etməsi diləyilə...


Gələn görüşlərə qədər!



46 views0 comments

Recent Posts

See All

Comments


Digər

bottom of page