top of page
Post: Blog2_Post
Writer's pictureSitara Aghasoy

İqtisadiyyatın təməl prinsipləri 1 - Qərarlar və nəticələri

Deyir, bir gün Teymurun keyfi saz olan vaxtı Molla Nəsrəddini çağırır:"Ay Molla, kefim yaxşıdır. İstəyirəm sənə nəsə bağışlayım. Ancaq hədiyyəni özün seç: ya bir at, ya on qızıl, ya bir sürü qoyun, ya da bir bağ. Hansını istəyirsən? Molla cavab verir:

- Şah sağ olsun. Mənim könlümdən keçəni soruşsan, mən 10 qızılı cibimə qoyub, ata minib, qoyunları da qabağıma qatıb bağa getsəm, deyərəm ki, sən ədalətli hökmdarsan.

Teymurləng gülür:

- İştahan pis deyil. Bəs birdən sənə heç nə verməsəm?

Molla deyir:

- Heç, onda deyərəm elə Teymursan ki, varsan.

Əslində hamımızın iştahı heç də Nəsrədddindən geri qalmır. Lakin əlimizdəki imkanlar məhduddur. Elə bu səbəbdəndir ki, İqtisadiyyat elminə ehtiyac var. Bu elmi dərindən araşdırandan ən məşhuru Adam Smitdir. Lakin iqtisadiyyat deyəndə yada düşən bir çox məşhur şəxslərdən biri də müasirimiz olan Qreqor Menkyudur. Qreqor Menkyu iqtisadi münasibətləri 10 təməl prinsip əsasında izah edir. Bu gün biz onlardan ikisini danışacağıq.


Seçimlər və Nəticələri

Biz də Molla Nəsrəddin kimi hər şeyi əldə etmək istəsək də, bu mümkün deyil. Mütləq şəkildə əlimizdəki fürsətləri dəyərləndirərək onlar arasında seçim etməli oluruq. Bu seçimlərin də həm səbəbləri, həm də nəticələri var. Elə iqtisadiyyatın ilk iki prinsipi də məhz bu mövzunu əhatə edir.


People face tradeoffs - İnsanlar seçimlərlə qarşılaşır

Həyatda əldə etmək istədiyimiz şeylər çox, əldə edə biləcəklərimiz isə limitlidir. Çünki resurslar məhduddur. Resurs sözünə bu kontekst daxilində hamı üçün anlaşıla bilən bir tərif versək, onu "istədiyimiz şeyi əldə etmək üçün vəsait və ya imkan" adlandıra bilərik. Məsələn, vaxt, pul və s. İqtisadi yanaşmadan öncə daha primitiv şəkildə baxsaq, gündəlik həyatımızda da məhdud resurslarla öz ehtiyacistəklərimizi (needs and wants) qarşılamağa çalışırıq. Və adətən də birini seçərkən başqa birini qurban veririk. Bir seçim edərkən qurban verdiyimiz digər seçimin ümumi xərci (cost) "opportunity cost" yəni alternativ xərc adlanır.

Məsələn, biz bir saata bir bədii kitab oxuya, ev tapşırığı edə, dincələ, film izləyə bilərik. Deyək ki, biz dincəlməklə ev tapşırığı arasında seçim etməliyik. Biz dərs oxusaq, bu bizə imtahanı yaxşı verib yuxarı qiymət almaqda kömək edəcək, yox əgər dincəlsək bir saatlıq rahat olacağıq və bu bizim əhval-ruhiyyəmizə yaxşı təsir edəcək. Hər ikisinin sonunda məmnuniyyət (satisfaction) var. Biri yuxarı nəticədən yaranan məmnuniyyət və sevinc hissi, digəri dincəlib daha gümrah hiss etməyimizdən yaranan məmnuniyyət. Və hər ikisi üçün xərcləməli olduğumuz vaxt bir saatdır.

Vaxt isə məhduddur, hətta biz bu barədə düşünəndə belə indi əlimizdə olan vaxtı sərf edə biləcəyimiz başqa bir şeydən vaz keçirik. Bizim nümunəyə gəldikdə isə, Qreqor Menkyu (Gregory Mankiw) “people face tradeoffs” deyəndə (tərcüməsi: insanlar seçimlərlə üzləşir) bizim mümkün hallardan birini seçərkən bir digərini əldən verməli olduğumuzu nəzərdə tutur. Bir əldə iki qarpız tutmaq olmaz ifadəsi bunun tam qarşılığıdır. Biz isə hansı qarpızı əldə etmək istəyərik, bax bu bizim sonrakı prinsipimizi əhatə edir.


The cost of something is what you give up to get it - Bir şeyi əldə etməyin xərci onu əldə etmək üçün vaz keçdiyin çeylərin dəyərinə bərabərdir.

İkı qarpız arasında seçim etməli olsaq, təbii ki daha şirin, içi daha sulu-sulu, qıpqırmızı olanını istəyərik. Sözsüz, bunu bilmək bir az çətindir, elə bəzi qərarların nəticələri kimi (hərçənd ki, təcrübəli insanlar bunun hər ikisində ustadırlar). Ona görə də, biz bir az daha aydın şəkildə qiymətləndirə biləcəyimiz seçimlər üzərində prinsipi izah edək. Elə baxaq bayaqki dərs oxumaq və dincəlmək barədə olan misalımıza: əgər dincəlsək, itirdiyimiz şey yüksək imtahan nəticəsi, əgər dərs oxusaq, yüksək əhval-ruhiyə olacaq (ikisini bir arada əldə etmək mümkündür, amma gərək doğru zamanda doğru seçimi edəsən). Elə əsas məsələ də, doğru anda doğru qərarı verməkdir. Yəni dincəlməyin qiymətinə nə qədər təsir edəcək, yaxud da dərs oxumağın səni nə qədər yoracaq. Yuxarıdakı prinsipdə qeyd etdiyimiz kimi bu alternativlərdən birini seçərkən bir digərini qurban verməli oluruq. Qurban verdiyimiz seçimin dəyəri isə itirilmiş dəyər (opportunity cost) adlanır. Və ən doğru qərar da dəyəri daha çoxç opportunity costu daha az olan – sadə dillə desək sənə daha az zərərli və daha çox faydalı olanı seçməkdir (heç bir qərar mükəmməl deyil). Yəni əgər dincəlmək sənin imtahandan kəsilməyinə səbəb olacaqsa, deməli, dincəlməyin kifayət qədər böyük "opportunity cost"u var (opportunity costun böyük-kiçikliyi insanın şəxsi görüşündən çox asılıdır, bəziləri üçün 99 bal belə aşağı ola bilir). Yox, əgər dərs oxumağın səni çox yoracaqsa, deməli, imtahana hazırlaşmaq sənə baha başa gəlir. Zərərlərlə yanaşı, təbii ki, faydaları gözdən keçirmək lazımdır. Çünki qərar verəndə adətən bu ikisi arasındakı fərq önəmlidir. Biz 100 AZN pul xərcləyib 500 AZN qazanacağımız bir fürsəti, 400 AZN xərcləyib 600 AZN qazanacağımız digər variantdan üstün tutarıq. Çünki birində xalis mənfəət 400 (500-100), digərində 200 AZN (600-400) edir. Faydası zərərindən çox olan seçim doğru seçim hesab olunur. Bu amil bizim marjinal qərarlarımızda öz təsirini göstərir.


Seçimlərimiz həyatımızın əsasını təşkil edir. Lakin önəmli olan səhv seçim etməmək deyil, səhv seçimlərdən dərs çıxarıb onları bir daha təkrar etməməkdir. Ona görə də sevin seçimlərinizi. Onlardan çox şey öyrəncəksiniz.


Belə dostlar, əgər vaxtınızı sərf edib bu bloqu oxumağı seçmisinizsə, sizə təşəkkür edirəm və ümid edirəm ki, seçiminizin nəticəsi sizi qane edir.


Xudahafiiz!



72 views0 comments

Recent Posts

See All

Comments


Digər

bottom of page