Pul əl çirkidirsə, necə yuyaq bəs?
Yəqin, siz də məşhur 100 manat lətifəsini eşitmisiniz. Bir qəsəbədə hər kəs bir-birinə borclu olur, lakin heç kəsin pulu olmur. Qəsəbəy bir turist gəlib mehmanxaya 100 manat ödəyir, mehmanxana sahibi bu 100 manatla marketə olan borcunu bağlayır. Market sahibi də bərbərə olan 100 manat borcunu ödəyir və pul dövr edib axırda mehmanxana sahibinə borcu olan zərgərin əlinə keçir, zərgər də gətirib 100 manatı mehmanxana sahibinı verib borcu bağlayır. Üstündən bir az keçəndən sonra turist aşağı enir və qəsəbədən getməli olduğunu deyir və 100 manatı geri alır. Günün sonunda 100 manat yenə sahibinə qayıdır. Lakin hamının borcu ödənir.
Ötən bloqlda (bilirəm, üstündən xeyli ötüb) tədavülə buraxılan pul məbləğinin iqtisadiyyata təsirindən danışmışdıq. Bu gün də Menkyunun onuncu və sonuncu prinsipinə keçid etməzdən öncə iqtisadiyyatın necə tənzimləndiyi haqqında qısa bir bloq paylaşmaq qərarına gəldim.
Mərkəzi Bank pulun dəyərini necə tənzimləyir?
Təbii ki, pul siyasəti ilə.
Dövlətlər iqtisatiyyatı maliyyə və pul siyasətləri ilə tənzimləyirlər. Maliyyə siyasəti ("fiscal policy") dedikdə, əsasən bazarın səmərəliliyinin artırılması, dövlət borclarının tənzimlənməsi, vergi siyasəti və s nəzərdə tutulur. Pul siyasəti (monetary policy") isə dövrəyyədəki pulun miqdarına, dolayı yolla da bazar qiymətlərinə, pulun alıcılıq qabiliyyətinə fokuslanır. Burada əsas hədəf inflyasiya və deflasiya hallarının qarşısını almaq və inflyasiya dərəcəsini sabit saxlamaq, valyutanın digər valyutalara nəzərən sabit məzənnədə olmasını təmin etməkdir.
Bunun bir neçə yolu var:
Mərkəzi Bank bankların daha çox kredit verməsinin qarşısını almaq üçün, banklara verdiyi borc pul üçün faiz dərəcəsini (discount window) artıra bilər.
Banklara saxlanan minimum depozit məbləği üçün limit qoya bilər. Beləliklə, banklar depozit məbləğinin həmin məbləğdən aşağı düşməməsi üçün daha az kredit verməli olacaq, və ya daha çox depozit (əmanət) cəlb etmək istəyəcək. Hər iki halda dövriyyədəki pul məbləği azalacaq. Yəni inflyasiya zamanı dövlətə sərf edən odur ki, əhali daha çox depozit qoysun, lakin qiymətlərlə sürətlə qaldıqda insanlar bugünki pulun sabahkından daha dəyərli olduğunu bilərək daha sürətli xərcləməyə meylli olurlar. Çünki artıq valyutaya olan inamlarını itirirlər (eynilə hər kəsin pulu ABŞ dollarına çevirdiyi kimi).
Bundan əlavə, Mərkəzi Bank xalqa açıq istiqrazlar da sata bilər. Bu şəkildə, insanların əlindəki pul istiqraz müqabilində dövriyyədən çəkiləcək. İstiqraz ("bond") müəyyən müddət ərzində əldə saxlanılan və müddət sonunda müəyyən edilmiş əlavə faiz və əsas məbləğ ödənilməsinə təminat verən qiymətli kağızdır. Müxtəlif qurumlar istiqraz təqdim edə bilər. Lakin dövlət istiqrazları hər zaman ən etibarlı hesab edilir və buna görə də faizi nisbətən aşağı olur.
Devalvasiya zamanı isə dövlət adətən xarici valyutanı ölkəyə cəlb etmək üçün ixrac etməyə çalışır. Yerli istehsalı gücləndirib məhsulları xaricə satır. Arada məzənnə fərqinə görə qiymətlər əcnəbi müştərilərə münasib gəlir. Nəticədə büdcəyə xarici valyuta (məsələn, USD) daxil olur. Bundan əlavə, bəzi ölkələr üzən məzənnə ("floating exchange rate"), və ya sabitləşdirilmiş məzənnə ("fixed exchange rate") siyasətindən də istifadə edir, yəni ya valyutanın dəyərini bazar iqtisadiyyatında üzməyə buraxır, ya da sabit məzənnə tətbiq edirək onu lövbərləyir. Üzən məzənnə sistemində, əgər valyutaya tələb varsa, qiymət qalxır, əgər tələb yoxdursa, qiymət azalır (bildiyimiz azad bazar sistemi). Belə olan halda ölkələr çox zaman əhalinin yerli məhsulla almasına stimul yaratmaq üçün idxala müəyyən məhdudiyyətlər qoyur və xarici valyutanın ölkədən çıxmasının qarşısını alır. Sabit məzənnə üçün isə Mərkəzi Bank valyuta məzənnəsini müəyyən edir (məsələn, 1 AZN = 1.70 USD). Lakin bunun üçün bankın kifayət qədər xarici valyuta reservi olmalıdır ki, bazarda dalğalanmalar baş verdikdə (yerli valyutanın dəyəri düşdükdə) həmin rezervləri dövriyyəyə buraxaraq yenidən məzənnəni sabit saxlaya bilsin (yəni bazarda manat artarsa, ehtiyat dollarları dövriyyəyə buraxsın ki, manat və dolların məbləği nisbəti əvvəlki halına qayıtsın və hər manata sabit miqdarda dollar düşsün).
Madam ki inflyasiya olur, o zaman yeni pul tədavülü nəyə lazımdır?
İlk öncə pulun istifadə məqsədini izah edək. Ənənəvi barter üsulunun pul ilə əvəz olunması iki başlıca səbəbdən irəli gəlir: 1) əmtəələri pul kimi kısr hissələr bölmək olmur (məsələn bir inəyi iki hissəyə bölüb yarım inək kimi sata bilmərik); 2) barter etmək üçün məhsular üçün alıcı hər zaman rahatlıqla tapılmaya bilir (məsələn mənim bir kg düyüm var və ət almaq istəyirəm, lakin heç kəs düyü almaq istəmir). Buna görə də dövlətlər pul çap edir.
Bəs nəyə görə dövlətlər daha çox pul çap edir?
Dövlətlər ehtiyac yarandıqda pul çap edir. Ehtiyac yaranması isə xarici borcların yaranması ilə əlaqədardır. Yəni xarici borcları ödəmək istəyərkən dövlətlər öz yerli valyutalarını zərbə altında qoyurlar. Normal qaydada isə dövriyyədəki pul ölkədəki istehsal həcmi ilə paralel artmalıdır. Əks təqdirdə inflyasiya qaçınılmazdır. Pulun miqdarı istehsal həcmindən geri qaldıqda isə deflyasiya (qiymət azalması) yaranır. Bu isə istehsalatın azalmasına gətirib çıxarar.
Ölkədə istehsal az olduqda dövlətlər ticarətdə digər ölkələrdən asılı olur və pul da ölkədən xaricə axın edir. Nəzərə alsaq ki, ölkələr bu transaksiyaları əsasən USD, EUR kimi valyutalarla aparır, xarici valyuta reservlərinin azalması həm də devalivasiyaya səbəb ola bilir.
İnflyasiya və devalivasiya ilə mübarizənin uzun-müddətli həlli daxili istehsalın güclənməsi, idxal payının azalması, ixracın artmasıdır. Bununla da, ölkəyə xarici valyuta cəlb olunur, istehsal artdıqca da qiymətlər aşağı düşür və həmçinin yeni iş yerləri yaranır.
Yuxarıdakı hekayə də, əslində, pulun olmayıb, istehsalın olduöu bir nümunədir. Yəni 100 manata ehtiyac olmadan borclarını ödəyə bilərdilər. Pul burada elə bir növ əl çirkidir, daha doğrusu, mübadilə vasitəsi ("medium of exchange").
Bu da bizi yenidən Menkyunun 6-cı "xalqların rifahı istehsaldan asılıdır." prinsipinə aparır.
Bugünlük bu qədər. Çalışın hər zaman məhsuldar olur. O zaman siz pul üçün deyil, pul sizin üçün işləyəcək.
Comments