Qaçma, dayan, a dovşan
Uşaqlığımızın dovşan şeirini, yəqin, hamınız xatırlayırsınız. Şeirdə dovşan, alabaşdan qorxur. Ancaq, indi görürük ki, qorxulu olan alabaş deyil, insanın özüdür. Elə alabaşlar özü də insandan qorxur, belə baxanda, haqsız da deyil. Biz insanlar təbiətdə mövcud olan ən vəhşi canlılarıq.
Son zamanlar trend olan rejissorluğu Spenser Susserə aid olan qısa filmdə "Ralph" bizi köməyə çağırdı, biz də buna etinasız qalmadıq. Dərindən üzüldük, onun başına gələnləri, sözün həqiqi mənasında hiss etdik.. Ancaq elə sadəcə bununla kifayətlənsək, onda baş verən bu zülmün qurbanlarının səsinə də qulağımızı yumuruq deməkdir. Bu halda da üzülməyin bir mənası qalmır.
"Ralph" sayəsində xatırlamış (ya da öyrənmiş) olduq ki, böyük kosmetika və ətriyyat firmaları hələ də heyvanlar üzərində dermotoloji testlər edirlər, üstəlik sadəcə kosmetik məhsullar deyil, şampunlar, sabunlar, diş məcunları, dəriyə qulluq vasitələri də bu sıraya daxildir. Testlər nəticəsində, heyvanlar ağrıdan və əks təsirlərdən ən yaxşı halda ölür. Ən pis halda isə şikəst qalır və son nəfəsinə qədər istismar olunur.
Keçən bloqda stimullardan danışmışdıq. Dünyadakı kosmetik məhsulların ümumi dövriyyəsinin miqyasını nəzərə alsaq, bu sənayenin qurbanı olan heyvanların sayı da, gərək ki, bizi bu cür firmalardan uzaqlaşmağa təşviq etsin.
Bəli kosmetika deyəndə ağla Fransa gəlir, fransız dilində "rouge" - (ruj) yəni qırmızı sözü var. Türk dilinə bu söz dodaq boyası sözünün qarşılığı olaraq keçib. Bu məhsul ilk olaraq qırmızı rəngdə olduğu üçün belə adlandırılıb. Qırmızı sözü bizim dildə mənasını adı "qırmız" olan böcəkdən götürüb. Şərqdə qırmız böcəyindən rəng almaq üçün istifadə edirdilər. Azərbaycan xalçalarında ənənəvi qırmızı rəngin qaynağı məhz bu böcək olub. Yəni heyvan mənşəli boyalardan istifadə keçmişə dayanır.
Hazırki gündə də bəzi firmalar "karmin" maddəsini əldə etmək üçün böcəklərdən istifadə edirlər. Buna görə də vegeterian və veqan brendlər formalaşıb ki, bu cür istehsalata qarşı olan insanlar könül rahatlığı ilə kosmetik vasitələrdən istifadə edə bilsinlər.
Şəxsən özümün istifadə etdiyim bəzi vegeteryan məhsullar var. Lakin, vegeteryan məhsul istifadə etməsi bir şirkətin heyvanlar üzərində test etməməsi mənasına gəlmirmiş. Video sayəsində mənim üçün bu məqam aydınlaşdı.
Celia Shatzmanın "Forbes"-də verdiyi məlumata əsasən heyvanlar üzərində aparılan testlər insan dərisinin verdiyi reaksiyanı 40-60% əks etdirir. Halbuki "in vitro" testlərin (yəni laboratoriya şəraitində qan və toxumalar üzərində yoxlama) daha dəqiq nəticələr verdiyi qeyd olunur. İstənilən halda, bu cür yoxlama heç bir canlı varlğa zərər vermir. Amma düzünü desəm, toxumaların necə əldə olunduğu ilə bağlı beynimdə suallar var, bəzi mənbələr bunun süni 3d toxuma modellərindən istifadə olunduğunu yazır. Daha ətraflı testlər barədə buradan məlumat almaq olar.
Heyvanlar üzərində test etmək məsələsinə görə şirkətləri 4 qrupa ayırmaq olar:
- Heyvan testləri etməyənlər;
- Qanunla tələb olunmadığı təqdirdə, heyvan testləri etməyənlər;
- Subsidiyası olduğu "ana şirkət"-i belə testlər aparıb, özü bu cür testlərə qarşı olanlar;
- Heyvan testləri edənlər.
Bu firmalarla bağlı internetdə daha ətraflı məlumat tapa bilərsiniz. Sonuncu bənddən, ümumiyyətlə, müzakirə etməyə dəyməz. Əsas müzakirə ilk 3-ü üzrədir. İlk öncə, onu qeyd etmək lazımdır ki, bu cür məsələlərdə rəqiblərə yönəldilmiş qarayaxma kampaniyası ola bilər və "cruelty-free" (zorakılığa qarşı) olduğu iddia edilən şirkətlər heç də elə olmaya bilər. Ancaq ən azından riski azaltmaq üçün qərarvermə prosesində fikir verməli olduğumuz məqamlar var.
"Cruelty-free" məsələsində bir sıra sertifikasiyalar var ki onlardan 4-ü məşhurdur və bu 4-nün kriteriyaları arasında fərqlər var.
PETA’S BEAUTY WITHOUT BUNNIES PROGRAM
LEAPING BUNNY CERTIFICATION VIA CCIC
LEAPING BUNNY CERTIFICATION VIA CRUELTY FREE INTERNATIONAL
CHOOSE CRUELTY FREE (CCF)
Təşkilatların özlərinə məxsus yoxlama qrafikləri, şərtləri, ödənişləri mövcuddur. Bu barədə ətraflı məlumatı təşkilatların səhifəsindən, yaxud ethicalelephant.com səhifəsindən əldə edə bilərsiniz.
Bu təşkilatlardan təsdiq alan bəzi şirkətlər əlavə ödəniş etməklə lisenziya alıb loqodan da istifadə edirlər. Aşağıda gördüyünüz şəkildə rəsmi və qeyri-rəsmi loqolar yer alıb.
Mənbə: ethicalelephant
Onu da deyim ki, Azərbaycanda "PETA"-nın siyahısına düşən markalardan "Note", "Nyx" və "Dove" var. "Dove"-ın da daxil olduğu "Unilever" artıq "cruelty-free" olmağa çalışır, lakin hələki tamamilə bu siyahıya aid deyil.
"Yves Rocher" isə 100% vegetaryan olmasına baxmayaraq, Çinə ixrac etdiyinə görə Çin Xalq Respublikasının tələblərinə görə ixrac olunan malları heyvanlar üzərində test edir. Yəni əgər Çinə ixrac olunan kosmetik məhsul markası eşidirsinizsə, 99% faiz ehtimalla heyvanlar üzərində test edlir. Çinə qarşı, onsuz da, xüsusi antipatiyam var idi və ümid edirəm, Uyğur türklərinin dini və etnik dsikriminasiyaya məruz qalmasına reaksiya verməyən insanlar, heç olmasa, bu qaydaya münasibət bildirərlər.
"L'oreal", "Mac" və "Maybelline" də "cruelty-free" olmayan böyük markalardandır. Ancaq "L'oreal"-ın subsidiyası olan veqan və "cruelty-free" markalar var.
Təbii ki, siyahı genişləndirilə bilər. Ancaq bu barədə uzun araşdırmağa və yazmağa vaxtım olmadı. Ona görə, vaxtaşırı mağazalarda yeni məhsul markalarını yuxarıda qeyd etdiyim 4 təşkilatın səhifəsində axtarmağa davam edəcəm.
Bura markaları yoxlaya biləcəyiniz bəzi keçidlər əlavə edirəm:
Eyni zamanda, bu sahədə bizə kömək edəcək mobil tətbiqlər də var. Mən "Cares: Go Cruelty-Free" tətbiqindən istifadə edirəm. Ancaq etibarlılığına sadəcə təcrübə ilə əmin ola biləcəyim üçün, nə qədər yaxşı çalışdığına bir müddət sonra qərar verəcəm.
Ümumilikdə, bu məsələ ilə bağlı beynimdə çox sual var. Bu heyvan videolarını kim və niyə çəkir? Çalışdığı şirkətin reputasiyasını və hətta öz şəxsi reputasiyasını zərbə altında qoyur? Bu məsələdə kimlərə güvənməliyik? Qeyd olunan faktların doğru olduğuna necə inanaq? Niyə şirkətlər hələ də alternativ testlərə keçid etmir? Görünür, bu amil tələbin azalmasına ciddi təsir etmir deyə, istehsalçılarda stimul yaranmır. Və deməli, bu stimulu biz yaradıb, şirkətləri təşviq etməliyik.
Belə, dostlar, istehlak davranışlarımıza diqqət ayırmağa və qlobal ticarətin 3-cü tərəflərə zərər vurmasına şərait yaratmamağa çalışaq. Bəlkə, birdən-birə bu cür dəyişiklik mümkün olmayacaq, lakin kiçik addımlarla da olsa, Dünyanı daha yaxşı bir yerə çevirə biləcəyimizə inanıram. Vicdan məsələsini qırağa qoysaq belə, zamanla heyvanların sayında bu cür zorakılıq nəticəsində baş verən kəskin azalmasının həyata, təbiətə və iqtisadiyyata böyük zərəri olacaq. İnsanlar fərqində deyil, amma Albert Eynşteynin də dediyi kimi: "Dünyada axırıncı arı yox olanda, insanın yaşamağa 4 ili qalacaq".
Zaman ayırıb, oxuduğunuz üçün təşəkkürlər!
İstinadlar:
#361cibucaq #crueltyfree #saveralph #ralphıkurtar #ralphıxilaset #protectanimals #heyvanlarıqoruyaq #təbiətiqoruyaq #istehsal #istehlak #kosmetikvasitələr #Brendlər #brands #crueltyfreebrands #vegan #vegeteryan #nature #təbiət #veqanmakiyaj #veganmakeup #vegeteryanmakeup #PETA #ChooseCrueltyFree #LeapingBunny #dovşanlar #siçanlar #loreal #maybelline #yvesrocher #note #dove #unilever #pandg
Comments