Xarici dil bilmirəm deyə işə qəbul almıram
Ölkədə və ölkədən kənarda #iş axtaran şəxslərdən #xaricidil baryeri ilə bağlı problem yaşadıqlarını eşidirəm. Hərçənd ki, müraciət etdiyim vakansiyalarda kəskin xarici dil biliyi tələbi ilə rastlaşmamışam, amma yenə də tələb olunan səviyyədə danışa bilmək üçün cəsarətimi toplaya bilmədiyim anlar olub.
Qeyd edim ki, mən ali təhsilimi ingiliscə almışam deyə ingilis dili bazamı daha rahat formalaşdıra bilmişəm. Rus və alman dillərini isə (indi çox daha zəif bilsəm də) orta məktəbdə tədris olunarkən öyrənmişəm. Sadəcə bu dillərdə ünsiyyət imkanım zəif olduğu üçün sonradan təkmilləşdirməkdə çətinlik çəkmişəm.
İstəyirəm, bu postda məhdud büdcə və zamanla dil biliklərini inkişaf etdirməyin yollarından bəhs edim:
1) Busuu tətbiqi. Əgər Azercell Telecom LLC abunəçisinizsə, nömrə ilə qeydiyyatdan keçərək, ayda 3,50 AZN-ə dil biliklərinizi inkişaf etdirə bilərsiniz. Tətbiqdə həm qrammatika, həm söz ehtiyatı, həm də eşitmə və danışıq bacarıqlarını təkmilləşdirmək üçün tapşırıqlar mövcuddur. Həmçinin dilin daşıyıcıları olan şəxslərdən bilavasitə yardım ala bilirsiniz. Özünüz də bildiyiniz dillər üzrə digər üzvlərə kömək edə, onların səhvlərini düzəldə bilərsiniz. Yəni bu tətbiq həm bildiyiniz dilləri istifadə etmək, həm də yeni dillər öyrənmək üçün əlverişlidir. Həmçinin əlavə ödənişlə müəllimlərlə fərdi dərslərə də qoşula bilərsiniz. Səviyyələri keçdikcə sonda MCGrawHill sertifikatı almaq üçün test imtahanında iştirak edib CV-zə əlavə etmək də faydalı olar.
2) Kitab #oxumaq. Dili sadə olan kitablar, bloq və məqalələrdən başlayaraq oxuduqca bilmədiyiniz sözləri qeyd edib söz bazanızı genişləndirə bilərsiniz. Bu danışıq qabiliyyətinizi də inkişaf etdirəcək. Xüsusilə, aşağıdakı kitablar xarici dildə oxu üçün yaxşı başlanğıcdır:
- "Balaca Şahzadə" - Antuan Sent de Ekzüperi;
- Lev Tolstoyun kiçik hekayələri;
- O'Henry-nin kiçik hekayələri;
- Şəxsi inkişaf kitabları (dili nisbətən daha rahat olur);
- Kiçik lətifələrdən ibarət kitablar;
- Uşaqlar üçün yazılı ədəbiyyat (nağıl və şifahi ədəbiyyat xalq dilində yazıldığı üçün çətin ola bilər)
Maraq dairənizə uyğun istənilən material sizdə dilə qarşı maraq oyadacaq. Çünki dil sizin üçün yeni bilik qazanmaq vasitəsinə çevriləcək.
3) #Film və #podkastlar. #Podcastgo mənim ən sevdiyim tətbiqlərdən biridir. Burada istədiyim dildə maraq dairəmə uyğun podkastlar dinləyə bilirəm. Data və texnologiya sahəsi də buraya daxildir. Siz də bu, və ya digər tətbiqlərdən və #Youtube platformasından podkast dinləyərək və film izləyərək, həm dil bilikləri, həm də ümumi biliklərinizi artıra bilərsiniz. Animasiya filmləri sadə başlanğıc üçün yaxşı seçimdir.
4) #Vloglar və Youtube məzmunları. İlkin mərhələdə uzun filmlər izləmək və başa düşmək çətin gəlirsə, Youtube-da daha kiçik həcmli və maraq dairənizə uyğun məzmunları izləyə bilərsiniz. Adətən "life vlog"-ları və makiyaj videolarını başa düşmək daha rahat olur və gündəlik həyatımızda istifadə etdiyimiz sözləri öyrənməyə imkan yaradır. Motivasiya videoları izləmək də pis fikir deyil.
Əgər kitab oxumağa, və ya nəsə izləməyə zaman olmursa, nə danışdığına fikir vermədən sadəcə səs üçün xarici dildə nəsə dinləyin. Siz fikir verməsəniz də, yavaş-yavaş öyrənmə prosesi gedəcək.
5) #Ünsiyyət qurmaq. Tanıdığımız insanlarla ünsiyyət qurmaq çətindir. Çünki onlar bizi tanıyır və xatırlayırlar. Əslində elə olmasa belə, düşünürük ki, bizim etdiyimiz səhvlər ətrafımızdakılar tərəfindən unudulmur. Amma tanımadığımız insanlarla ünsiyyət belə deyil. Bunun üçün ən əlverişli üsul Cambly Inc., Grow DillBill kimi platformalar hesab edilsə də, hər zaman büdcəmiz buna uyğun olmur. Mən isə bunu əvəz edə bilmək üçün bəzən hansısa mövzuda köməyə ehtiyacım olduğu halda müştərisi olduğum şirkətin müştəri xidmətləri ilə xarici dildə yazışır, yaxud danışıram. Yazışarkən bəzən bilmədiyim sözləri axtarıram. Danışarkən isə öncədən bir az hazırlaşır və hər ehtimala qarşı notebook qarşısında lüğət açaraq otururam. Bu proses zamanı bilmədiyim şeyləri öyrənir, həm də xarici dillə bağlı #özgüvən formalaşdıra bilirəm.
6) Digər millətlərlə ünsiyyət. Həmin xarici dildə danışan başqa insanlar #tanımaq və onların etdiyi #qrammatik səhvlərə, müxtəlif #tələffüz formalarına şahid olmaq bizi daha yaxşı hiss etdirir. Təhsilini xaricdə almış, ixtisasında savadlı, lakin xarici dilləri bəzən anlaşılması çətin gələ biləcək qədər kobud ləhcə ilə danışan minlərlə insan var və bu çox normaldır. Çünki xarici dili ana dilimiz kimi bilmək borcumuz yoxdur. Dil sadəcə ünsiyyət vasitəsidir. Qarşıdakına fikrimizi ifadə edə bilmək yetərlidir. Ço zaman real təcrübədə siz çətinlik çəkəndə ətrafdakılar kömək edir.
7) #Mahnı və #şeir əzbərləmək. Dil öyrənmək əziyyətli görünsə də, çoxumuz ədəbiyyat və musiqini sevirik. Əlbəttə ki, evdə tək mahnı oxuyub qarşımızda tamaşaçılar varmış kimi hiss etməyi də. Sevdiyiniz qrup və ifaçıların mahnılarını əzbərləmək, ifa etmək və mənasını araşdırmaqla həm yeni sözlərin tərcüməsini, həm də tələffüz qaydaları daha yaxşı yadda saxlayacaqsınız. Dostlarınızla karaokeyə gedərək bu işi daha əyləncəli hala da gətirə bilərsiniz. Bu özü də sizdə əlavə özünəgüvən yaradacaq.
Aşağıda sizin üçün dili daha maraqlı öyrənə biləcəyiniz bir neçə səhifə əlavə edirəm. Qeyd edim ki, sırf "Instagram" və "Tiktok"-da bu cür kontentlər izləməklə oşar kontentlər tapa bilərsiniz:
Taner Çağlı - For Example Talk Show
Mənfi geri dönüşlər və öyrənmə prosesindəki asamalara sizi əsla ruhdan salmasın. Özünüzə yaxşı baxın.
Comments