Xeyir və Şər
Çin qızı söylədi: – İki növcavan
Başqa bir şəhərə oldular rəvan.
Yeməyə azuqə götürüb hərə
Qoyub heybəsinə, çıxdı səfərə.
Gəncin biri Xeyir, birisi Şərdi,
Onlar adlarıtək işlər görərdi.
İnsanlar ta qədimdən Dünyada hər şeyin cüt olduğuna inanıblar. Onlara görə bütün canlı və cansız, görünən və görünməyən məhfumlar əks qübtlərə paylanıb. Yer və Göy, qadın və kişi, işıq və qaranlıq, Şimal və Cənub, mənfi və müsbət. Qədim dini inanışlarda, hətta günümüzün sosial münasibətlərində belə bu qüvvələrin mübarizəsinin əks olunduğuna inanılır. Lakin bu qüvvələr bir-biri ilə mübarizə aparmaqdan ziyadə, daha çox bir-birini tənzimləyir. Yəni doğrudan da, xeyirlə şər qardaşdır və nəticədə hər qaranlıq gecənin bir işıqlı gündüzü var.
Deyir: "Biri ölməsə, biri dirilməz". Bəzi insanlar inanır ki, dünyadakı ümumi xoşbəxtlik miqdarı və həmçinin qarşılıqlı olaraq bədbəxtlik miqdarı sabitdir və bir-birinə bərabərdir. Belə desək, kimin isə sevinməsi üçün, başqa bir kimsə üzülməlidir. Yəni xoşbəxtliyi + 1, bədbəxtliyi də -1 kimi götürsək, onları cəmləyəndə, əlimizdə bir 0 qalır. Bu mühasibatçıların çox yaxşı bildiyi debet və kredit məsələsinə bənzəyir. Bizim söhbət açdığımız bu teorem real həyatla nə qədər uyğundur? Həyat barəsində danışmaq çətindir, amma iqtisadiyyat (əlbəttə, o da həyat qədər dərin və mürəkkəbdir) bəhs etdiyimiz bu tarazlıq məsələsini tətbiq etmək üçün ideal bir mövzudur.
Əvvəlcə, gəlin beynəlxalq ticarətdən qısaca danışaq, çünki tarazlıq qlobal bir mövzudur. Bildiyimiz kimi ölkələr də insanlar kimi self-sufficient (yəni tək başına yaşaya və özünü təmin edə bilən) deyil, mütləq ki, başqalarına ehtiyacı var. Çünki heç bir insan və həmçinin ölkə özünə lazım olan hər şeyi istehsal edəcək potensialda deyil. Hər kəs bir-birinə müəyyən qədər möhtacdır. Məsələyə bir az ədəbi cəhətdən yanaşsaq, Lev Tolstoyun "İnsan nə ilə yaşayır?" əsərinə nəzər salmaq olar. Ancaq bizim mövzu nisbətən fərqli sahəni əhatə edir. İqtisadiyyatdan bəhs edərkən bunu bilməliyik ki, biz kiminsə gördüyü işdən faydalanırıqsa bu heç də onun bizə ürəyi yandığına görə deyil, bu ya "externality" hadisəsidir ( yəni bir işdə heç bir əməyimiz olmadan həmin işin nəticəsində bizə pis və ya yaxşı pay düşməsi), ya da Adam Smithin danışmaqdan usanmadığı o məşhur görünməz əlin tənzimləməsidir. Yəni əslində hamı öz mənafeyini düşünür, və ortaya hər ikisinin razılaşdığı ortaq nöqtə çıxır. Yəni tələb və təklifin kəsişdiyi nöqtə. Sən təklif olunan müxtəlif məhsullardan qiymətcə və keyfiyyətcə özünə daha münasib olanını seçirsən, eyni şəkildə sənin təklif etdiyin məhsulların da öz alıcıları var. Satıcının yaxud da istehsalçının qoyduğun qiymətlə alıcının ödəməyə hazır olduğu məbləğ "equilibrium qiyməti" (equilibrium price), həmin qiymətdə alınan və satılan məhsulun miqdarı da "equilibrium miqdarı" (equilibrium quantity) adlanır. Bu mövzunun əsas hissəsi deyil, amma mövzunu qavramaq üçün bunu başa düşmək önəmlidir. Biz bu hissəyə qədər insanlar arasındakı ticarətdən bəhs etdik və bu nümunəni eyni ilə ölkələrə də tətbiq edə bilərik. Yəni ölkələri ayrı-ayrılıqda fərdlər kimi təsəvvür etsək, yuxarıda qeyd etdiyimiz xüsusiyyətləri onlara aid edə bilərik. Deməli, əslində, beynəlxalq ticarət elə bizim bildiyimiz adi al-verdir, sadəcə daha qlobal miqyasda.
Məşhur iqtisadçı Gregory Mankiw-in 10 prinsipindən 5-si olan "Trade can make everyone better off", öz dilimizdə desək, "Ticarət hamıya faydalı ola bilər" yaxud da "Ticarət hamını varlandıra bilər" prinsipini yada salmaq yaxşı olar. Çox vacib nüans var ki, biz buradakı "hamı" sözünü düz başa düşməliyik. Bəli, söhbət ilk insanların qapalı iqtisadiyyat mühitində öz aralarında elə Mankiw-in öz misalındakı maldar və əkinçinin ət və kartof barterindən gedirsə, hamı elə hamıdır (çünki nümunədə də elə cəmi iki adamdan söhbət gedir). Ancaq açıq iqtisadiyyatda hamı heç də hamı deyil, ən azından "short-run" yəni qısa dönəmdə. Təsəvvür edin ki, ölkə pambıq istehsalatından vaz keçib taxıl istehsal edir ki, pambığı daha ucuz qiymətə idxal etsin, çünki pambıq istehsalı ölkəyə opportunity cost baxımından baha başa gəlir. Bu zaman nə olur? Təbii ki, pambıq istehsalçılarının çörəyi əlindən alınır və onlar "worse off" olur, yəni yoxsullaşırlar. "Long-run" yəni uzun dönəmdə həmin pambıq istehsalçıları taxıl əkməyi öyrənib ticarətdən faydalana bilərlər, amma bu uzun dönəmin uzunluğu məlum deyil. Bəs onda "better off" yəni varlanma deyəndə nə nəzərdə tutulur? Burada varlanmaq ticarətdən faydalanmaq deməkdir. Ticarətin faydası dedikdə isə onun ölkənin ümumi büdcəsinə təsiri nəzərdə tutulur. Yəni ölkə varlanır, ölkə varlanırsa, iqtisadiyyat güclənir və beləliklə, əhalinin maddi rifahı qalxır. Burda ilk qeyd etdiyimiz məsələ yada düşür: ümumi xoşbəxtlik miqdarı. Bizim nümunədə yerli taxıl istehsalçıları sevinir (+1), çünki taxıla dünya bazarında tələb artır tələb artırsa, qiymət də artır. Yerli taxıl istehlakçıları isə qiymət artımından məmnun deyil (-1). Eyni zamanda yerli pambığa tələb azalır, çünki xaricdən daha ucuz pambıq istehsal olunur, bu səbəbdən yerli taxıl istehsalçıları üzgündûrlər (-1), ancaq pambıq istehlakçıları da bir o qədər sevinirlərn (+1) ki, daha ucuz pambıq əldə edə bilirlər. Bu məsələyə çox primitiv bir yanaşma olduğundan, ortada bir fayda görünmür, lakin məsələ -1, +1 qədər sadə bir hesablamadan ibarət deyil.
Ona görə də növbəti bloqda bu mövzunu bir az daha detallı izah etməyə çalışacağıq.
Özünüzdən muğayat olun. Çalışın, başqalarından faydalanarkən, həm də onlara fayda verə bilin.
Xudahafiz!
Komentar