top of page
Post: Blog2_Post
Writer's pictureSitara Aghasoy

Fərqli olmaq üstünlükdür, ya çatışmazlıq?

Dekabrın 3-ü Fiziki Məhdudiyyətlilər Günü idi. Mənim üçün həmişə maraqlı olub, fiziki məhdudiyyət mövzusu. Fiziki olaraq tam sağlam hesab oluna biləcək bir şəxs olaraq, həmişə digər şəxslər üçün narahat olmuşam içdən-içə. Fiziki məhdudiyyət natamamlıqdırmı? Ümumiyyətlə, fiziki və yaxud başqa formada qarşımıza çıxan məhdudiyyətlər bizi natamam edə bilirmi?



Məhdudiyyətin hər forması insanı ətrafındakılardan bir addım geridə imiş kimi hiss etdirir. Bunu ən çox 4 il təhsil aldığım, "çörək ağacım" ola biləcək ixtisasımı atıb birdən-birə "Mən Data Scientist olacam" deyərək, 180 dərəcəlik bir dəyişimə qol çəkdiyim gün başa düşdüm. Kaş ki, o ani qərarla yumruğu stolun üstünə vurub "çünki mən belə istədim" demək real həyatda da bu qədər rahat olsa. Heyhat! Film dili yüyrək olar (nağıl dili idi o əslində), ancaq addım atdığın yolun məşəqqətini bir sən bilirsən, bir Allah. İndi isə keçək mənim məhdudiyyətlərlə dolu macərama:


Mühasibat uçotu və audit ixtisasım üzrə aldığım təhsilin 3-cü ilindəyəm. Yaz semesterinin sonundayıq. İsti hava, imtahan stressi, baxılacaq seriallar, oxunacaq kitablar, gediləcək kafelər və sonda bizə qalan "highlight" olunmaqdan rəngi saralmış pdf materiallar və bir də universitetlə üzbəüz yerləşən dönərxana qalır (hələlik reklam qəbul etmədiyimizə görə dönərxananın adını qeyd etmirik). Məhsuldarlığımın xeyli aşağı düşdüyünü hiss edirəm. Enactus Azərbaycanın final yarışı yeni bitib, ancaq indi də imtahan bizi yuxudan ogar eləyir. Göz altımızdakı qaralıqlara kartof qabığı da çatdıra bilmirik (bir tələbə olaraq kartofdan bol heç nə yeməməyimizə baxmayaraq). Hərə bir yerə işə düzəlir, həyat qaynayır. Universitet sonu yaxınlaşdıqca da, gələcək planlar ya dəqiqləşir, ya da "nəm eyh valla" sözünün altında gizlənən qayğılar artıb adamı sıxmağa başlayır.


Əsl sərt dönüş edib gözlənilməz qərarlar almaq vaxtıdır. Özü də mühasibat ixtisası "mən uşaq olanda əslində aktyor olmaq istəyirdim, evdəkilər dedi ki, 'bala pul bir buxalterdə olur, bir də ingilisdə' və ingilis ola bilməyəcəyimə görə, mən də 'buxalter' olmağa qərar vedim" tipli cümlələrlə zəngin bir ixtisasdır. Ona görə də təsadüfi deyil ki, bu sahənin məzunlarında ani fikir dəyişiklikləri müşahidə olunur (bunu İsveçrəli alimlər deyib, görəsən?). Bu cümlədəki məzunlardan biri də mənəm. İmtahan sessiyası dönəmində başlayan bu varoluş sancısı, sözün həqiqi mənasında, başağrısı olmuşdu (first time?).


Mən də bu baş ağrısına son qoymaq üçün, məsələni kökündən həll etməyə qərar verdim. İxtisasımı sevmirəmsə, nə etməliyəm? İxtisası dəyişməliyəm. Məndə "onda gedim, bir dənə ixtisasımı dəyişim, gəlirəm" ədasıyla ixtisasımı dəyişib səhəri gün qarşıma çıxan hər kəsə elan elədim ki, mən Data Scientist olmaq istəyirəm. Ətrafımdakılar da "sənə qutu kimi oturdu, elə bil əyninə tikilib" tərzində cavablar verərək məni təbrik etdilər. Bircə ailə üzvlərindən başqa. Azərbaycanda 4 illik təhsilə xəyanət "racona" tərsdir. Mən isə artıq hər şeyi gözə almışam. Ayağımı yerə dirəmişəm ki, gedəcəm. Amma hara gedəcəm? Data Analitikası üzrə mən nə bilirəm. Yəni daha yolu öyrənmədən mənzilə doğru addımlamağa çalışıram. Bildiyim bir "MS Excel"-dir. O da ki alababat. Başladım, onlayn kurslarla Python və R dilləri öyrənməyə. Öyrəndikcə də, özümü danlayıram ki, vaxtında bunları niyə öyrənməmişəm? Sonra yadıma düşür ki, o vaxtı heç Data sözünün mənasını bilmirdim, qrup nömrəmi soruşanda cavab olaraq "2" deyirdim, bir az sakitləşirəm.


Elə bu cür oldu məhdudiyyətlərlə ilk salam-kalamım. Həm evdəki barierlər, həm daxilimdəki cəsarətsizlik, həm də bilik və bacarıqlarımdakı çatışmazlıqlarla mübarizə aparmağa başladım ki, önəmli bir şey yadıma düşdü. Atalar yaxşı deyib: "Allah bir qapını bağlasa, o biri qapını açır". Mən də açıq qapıları axtarmağa qərar verdim. Üzərimdə hələ də ixtisası mühasibatlıq olub kompüter dilləri öyrənməyə çalışan kiçik bir qızcığazın çarəsizliyi var idi, ancaq həm də ayağa qalxmalı idim. Məhdudiyyətləri bir kənara qoyub üstünlüklərimə fokuslandım. Və sonra fərqinə vardım ki, bunlar əslində bir analitikin sahib olmalı olduğu keyfiyyətlərdir. Günü bu gün də iqtisadiyyat yönümlü təhsil alan gənclərdən, Data Analitikasına necə başlayım sualını eşidirəm. Odur ki, fikirləşdim, paxıl olmayıb, bu keyfiyyətləri sizinlə də bölüşüm:

- PR bacarıqları - aldığım dərslərdən, yaxşı natiqlik qabiliyyətimdən və şəxsi keyfiyyətlərimdən dolayı mən PR sahəsində güclü idim. Öz reklamımı özüm etmişdim. Hətta belə ki, mən hələ öyrənmə prosesindəykən belə iş təklifləri alırdım. Əgər iqtsadiyyat yönümlü ixtisasdan gəlirsinizsə, satış bacarığınız və biliklərinizi mütləq var, onu açığa çığarın. Bu sizə karyeranız boyu həm özünüzü təsdiqləməkdə, həm layihənizi qarşı tərəfə çatdırmaqda kömək edəcək.

- Ünsiyyət bacarıqları - yuxarıdakı keyfiyyətlə oxşarlıq təşkil edir. Ancaq ünsiyyət anlayışı genişdir. Müstəqil həyata atılandan bəri ən çox üstünə düşdüyüm və faydasını gördüyüm xüsusiyyətlərimdən biridir və demək olar ki, bütün problemlərimi şəxsən həll edə bilməkdə mənə kömək edib. Ən əsası da neqativ xarakterli dialoqlarda sakitliyinizi qoruyub vəziyyəti aydınlaşdırmağa köklənən bilmək sizi 1 yox, 10 addım qabağa çəkəcək.

- İnadkarlıq - nəzərə alsaq ki, Data Science və Data Analitikası kifayət qədər zəhmət tələb edən sahələrdir, inadkarlıq və əzmkarlıq bu yolda bizə yoldaş olmalıdır. Söhbət, təbii ki, yaxşı inadkarlıqdan gedir. İstədiyimiz nəticəni əldə etmək üçün məhdudiyyətlərə məhz inadkarlığımızla qalib gələ bilərik.

- Təqdimat bacarıqları - bura həm PowerPoint-də təqdimatın hazırlanması, həm də onun kütləyə doğru çatdırılması aiddir. Data Analitiki olaraq fəaliyyətə başlamağı düşünürsünüzsə, bilin ki, sizə verilən tapşırıqlar arasında buna tez-tez rast gələcəksiniz. Yaratdığınız modeli, tapdığınız həll yolunu, yeni bir ideyanı komanda ilə bölüşmək üçün ən effektiv yol onu vizual olaraq təqdim edə bilməkdir. Təqdimatda isə minimum söz, maksimum şəkil və qrafiklər olmalıdır.

- MS Excel bacarıqları - iqtisadiyyat yönümlü təhsil alırsınızsa, bu proqramla digərlərinə nisbətən daha çox tanışsınız və öyrənmək üçün də əlverişli mühitə sahibisiniz deməkdir. Odur ki, gözünüzü qorxutmadan, elə sizə ən doğma olan bu proqramda biliklərinizi artırın. Daha sonra buradakı biliklərə əsasən paralel olaraq digər proqramlaşdırma dillərini, analitika alətlərini öyrənin. (Qeyd: ardınca mütləq R və ya Python üzərində biliklər əldə edin)

- Araşdırma bacarıqları - iqtisadiyyatçı (qeyd: mühasiblər, auditlər və maliyyəçilər də iqtisadiyyatçıdır) olub da, araşdırma aparmayan yoxdur. Bunu ən azından sərbəst iş yazanda da olsa, etmisiniz. O zaman, bu fürsəti bir az da dəyərləndirib araşdırma bacarıqlarınızı inkişaf etdirmək gərəkdir. Şəxsi təcrübəmə əsasən, bir Data Analitikinin ehtiyac duyduğu ən önəmli keyfiyyətlərdəndir. Çünki daima yeni şeylər öyrənəcək, hətta bəzən məlumatınız olmayan sahələrlə tanış olmalı olacaqsınız. Üstəlik dərc olunmuş bir məqalənizin olmağı sizi seçim zamanı digər namizədlərdən fərqləndirəcək.

- İqtisadiyyat və maliyyə bilikləri - mühəndislik ixtisası üzrə təhsil alan və çox güman ki, həsəd apardığınız tələblərin çoxu bu biliklərə sizin qədər sahib deyil. Onlar kod yazmağı yaxşı bacarır, siz isə işin şərh olunan tərəfini bilirsiniz. Data Science komanda işidir. Burada əməkdaşlıq gərəkdir. Əməkdaşlıqda həmişə tərəflər müxtəlif mövzularda bir-birlərindən üstün olur ki, bu da onlara bərabər yaxşı işlər görməyə imkan verir.

- Komandada işləmək bacarığı- əvvəlki punktda qeyd etdiyim sözə qüvvət olaraq demək istəyirəm ki, hamımızın çatışan və çatışmayan cəhətləri var, və bu hər zaman olacaq. Komanda işi də sırf buna görə önəmlidir. Tələbəlik həyatı boyu sizə kiçik və əhəmiyyətsiz görünən işlərdə belə doğru komanda idarəçiliyi təmin etməyə çalışın. Komanda lideri ya da komanda üzvü olmağınızdan asılı olmayaraq, insanlarla bərabər işləyə bilmək bacarığı bu sahədə çox önəmlidir. Vaxtınız olduğu zaman mütləq "Agile and Scrum" mövzusunu araşdırın.

- Ekstremal vəziyyətlərin idarə olunması - razıyam ki, bu bacarıq digərlərinə nisbətən daha çətindir. Ancaq həm də ən vaciblərindən biridir. Vəziyyət nə olursa, olsun, çətinlik yarandığı anda həyəcana qapılmadan həll yolu tapmaq, bəzən işi, bəzən də bir kəsin həyatını xilas edə bilər. Bu durum təkcə Data Science üçün keçərli deyil, həm də şəxsi həyatınız üçün keçərlidir.

Son olaraq qeyd etmək istəyirəm ki, bu sahəyə ilk addımımı sadəcə Excel biliklərim və yuxarıda saydığım digər keyfiyyətlərə sahib olmaqla atmışam. Lazım olan şey sadəcə cəsarət, öyrənmək həvəsi, və vaxt itirmədən işə başlamaqdır.

Məhdudiyyətlər var, ancaq mübarizə apardıqda biz onlardan güclüyük. Həmişə ilham aldığım barmaqları ilə görən rəssam Əşrəf Armağanın çıxışında belə bir hissə var idi: "Mənə 'necə rəsm çəkirsən?' deyəndə 'kor deyilik hərhalda' deyə cavab verirəm". Çıxışın keçidini də burada paylaşıram, mütləq baxın: https://www.youtube.com/watch?v=Mt86_mB6CJE )

Bəzən görmək üçün gözə, eşitmək üçün qulağa, irəliləyə bilmək üçün ayaqlara, faydalı olmaq üçün də əllərə ehtiyac olmur. Yetər ki istək olsun! Əngəllər ancaq biz vaz keçdiyimiz zaman bizi dayandıra bilər.

Güclü, istəkli, əzmkar, inadkar olmaqdan vaz keçməyin.

Əngəlləri bərabər aşacağımız gözəl bir il diləyi ilə...

102 views2 comments

Recent Posts

See All

2 Comments


Sitara Aghasoy
Sitara Aghasoy
Dec 25, 2020

Rəyiniz üçün minnətdaram, Kamal bəy.

Like

kamal_loqnx
Dec 25, 2020

Çox maraqlı və bir o qədər də aktual mövzuya toxunmusunuz. Fiziki qüsurlu olub, qüsurlu olmayan insanların xəyal edə bilməyəcəyi nəaliyyətlər əldə edən insanlar var. Məncə qorxmalı olduğumuz əqli qüsurlu olmaqdır. Bəzi insanlar sağlam olduğu halda çox yararsız və heç bir mənası olmayan həyat yaşayır. Bəlkə də mənim üçün bu barədə danışmaq asandır, çünki fiziki qüsurlu deyiləm, amma fiziki qüsurlu insanlar tanıyıram, mənimlə eyni yaşda amma məndən qat-qat çox uğurlar əldə edib və həyatda istədikləri mövqeyə çatıblar. Ona görə də əsas problem beynimizdə, düşüncə tərzimizdədir. Məhz bu bizim nə qədər qüsurlu olub olmadığımız göstərir.


Bir daha maraqlı məqalə üçün sizə təşəkkür edirəm.

Like

Digər

bottom of page