top of page
Post: Blog2_Post
Writer's pictureSitara Aghasoy

İqtisadiyyatın noxtası


Deyir, bir gün Molla minir eşşəyə düzəlir yola. Eşşək başlayır onu tamam ayrı istiqamətə aparmağa. Molla hər nə qədər noxtanı tutub eşşəyin başını döndərməyə çalışırsa da, alınmır. Axırda bezib noxtanı buraxır. Eşşək başını alıb Mollanı naməlum bir tərəfə aparır. Yolda bir qonşusu Mollanı görüb soruşur: "Ay Molla, hara belə gedirsən?". Molla cavab verir:"Hələlik eşşəyin kefi istəyən yerə".

Bazar iqtisadiyyatı da elə Molla Nəsirəddinin eşşəyi kimi kefi istəyən yerə gedir. Dövlətlər çox zaman iqtisadiyyatın noxtasını öz başına buraxır, ancaq əgər iqtisadiyyat uçuruma gedərsə, gərək noxtasını tutub başını əks tərəfə döndərəsən. Qreqor Menkyu da "Dövlətlər bəzən bazarda nəticələri yaxşılaşdıra bilər" prinsipində elə bunu çatdırmaq istəyib. İndi elə bilməyin ki, burada bazar iqtisadiyyatını ağılsız bir eşşəyə oxşadıb təhqir etmişəm. Qətiyyən, yox. Belə baxanda heç eşşək ağılsız heyvan deyil. Sadəcə hərdən kefi istəyən kimi hərəkət edir və onun da özünə görə haqlılıq payı var.

Eynilə insanların maraqları kimi.

Elə bu səbəbdən kənar qüvvə tərəfindən müdaxiləyə ehtiyac olur. Keçən bloqda "görünməz əl"-dən danışıb qeyd etmişdik ki, bazar bu "sehirli qüvvə" sayəsində idarə olunur. Amma bu qədər mükəmməl şəkildə işləyən görünməz əlin öz fəaliyyətini davam etdirə bilmədiyi zamanlar da olur. Bu hallardan biri bazar ağalığıdır ("market power" yəni inhisarçılıq), digəri isə kənar təsirlər ("externality") halıdır.


İnhisarçılıq özü iki cür olur: monopoliyamonopsoniya.


Monopoliya bazarda gücün bir istehsalçı əlində cəmləşməsinə deyilir.

Monopsoniyada isə bir istehlakçı bazarda dominantlıq edir.


Biz əvvəlki bloqlarda qeyd etmişdik ki, ən mükəmməl ticarət nümunəsi azad bazar iqtisadiyyatdır. Azad iqtisadiyyatda azad rəqabət mövcuddur. Rəqabətin ən mükəmməl vəziyyəti isə təkmil rəqabət ("perfect competition") adlanır.


  1. Təkmil rəqabətdə bütün bazar iştirakçıları bərabər gücdədir və o qədər çox alıcı və satıcı var ki, heç kəs qiymətə təsir edə bilmir. Yəni heç kəs heç kəsə üstünlük etmir.

  2. Bazardakı bütün məhsullar birəbir eynidir, yəni bütün satıcılar eyni növ məhsul istehsal edir, heç birinin məhsulu fərqli xüsusiyyət daşımır.

  3. Bundan əlavə, bütün bazar iştirakçıları qərarvermə prosesi üçün istənilən məlumatı şəffaf şəkildə əldə etmək imkanı olur.


Beləliklə, təkmil rəqabətin 3 şərti var: bazarda bütün məhsulların eyniliyi, çoxlu sayda bazar iştirakçısının olması, məlumatlarla bağlı tam şəffaflıq.


Təkmil rəqabətdə istehsalçının qiyməti qaldırmamasının səbəbi, müştərilərin seçim çoxluğunun olması və müştərini itirməkdən ehtiyat etməsidir. Təsəvvür edin ki, bazarda ancaq plombir dondurma var və müxtəlif satıcıların istifadə etdiyi dondurmalar bir-birindən heç bir cəhətinə görə fərqlənmir. Əgər ticarətçilərdən biri qiyməti artırsa, alıcılar başqa mağazaya gedəcək və həmin istehsalçı artıq fəaliyyət göstərə bilməyəcək. Ona görə məcburdur ki, qiyməti bazar qiyməti ilə eyniləşdirsin. Əgər qiyməti azaltsa, ya da alıcılardan hansısa, qiyməti aşağı salmaq istəsə, bu satıcıya sərf etməyəcək. Ona görə də bazar qiyməti alıcıların ödəməyə, istehsalçıların da satmağa könüllü olduğu bir həddə gəlməlidir. Bu ən mükəmməl rəqabət formasıdır, lakin bir o qədər real deyil. Təkmil rəqabətin tam əksi isə inhisarçılıqdır.


Bazarda bir satıcı (istehsalçı) olduğu zaman, digər alıcıların başqa istehsalçıdan daha ucuz qiymətə mal almaq imkanı olmur və rəqabət aradan qalxır. Bu monopoliya adlanır. Yəni bir istehsalçı var və müştərinin seçimi yoxdur. Əgər məhəllədə bir çörək dükanı varsa, hamı ondan almağa məcburdur. O da çörəyi istədiyi qiymətə satacaq (hərçənd ki, bu həqiqətin özü də sadəcə müəyyən bir qiymət həddinə qədər mümkündür, qiymət çox yuxarı olarsa, insanlar sırf büdcələri imkan vermədiyinə görə nəticəsi acından ölmək olsa belə, çörək ala bilməyəcəklər). Lakin nəticə etibarilə, məhsulun qiyməti müştərilərin könüllü ödəmə qabiliyyətindən daha yuxarı olacaq. Müştərilərin bir qismi məhsulu ala bilməyəcək, ancaq onu əldə etmək üçün əllərindəki bütün pulu qurban verən digər müştərilər hesabına istehsalçı varlanacaq, müştərilər isə, təbii ki, daha yoxsul olacaq. Ələxsus da, bu məhsul istək yox, ehtiyac qrupuna aiddirsə (su, duz, çörək, un, yağ və s.)


Elə buna görə də, dövlət monopoliyanı ya tənzimləyir ya da ləğv edir.


Tənzimləmək deyəndə nəzərdə tutduğum odur ki,

bəzən dövlət monopoliyaya icazə verir,

amma ona nəzarət edir.


Məsələn, ölkədə su təhcizatı "Azərsu"-nun əlində cəmləşib. Amma qiymətləri Azərsu yox, dövlət müəyyən edir. Monopoliyanı ləğv etməməsinin səbəbi isə bu sahədə monopoliyanın rəqabətdən daha səmərəli olmasıdır. Məsələn, kiçik bir kəndə enerji təmin etmək özəl şirkətlərin marağında deyil, bunun üçün çox xərc çəkmək gərəkir və azad rəqabət mühitində şirkətlərin qazanacağı gəlir xərci qarşılamayacaq. Şirkətlər çox olduğuna görə müştəri sayının bölünəcəyini də nəzərə alsaq, bu rəqabət şirkətlərə fayda verməyəcək. Belə olan vəziyyətdə dövlət özü bu işi hansısa bir şirkətə həvalə edir və oradakı qiymət və kəmiyyətə nəzarət edir.


Digər hallarda dövlət inhisarçılığın qarşısını alır. Çünki rəqabət bir məhsulu ən ucuz sata bilmə potensialı olan istehsalçılara bazarda qalmasını təmin edir. Həmçinin rəqabət istehsalçılar arasında daha çox müştəri cəlb etmək üçün bir yarış formalaşdıraraq onların hər zaman keyfiyyətli məhsul istehsal etməsini stimullaşdırır. Eyni şəkildə qiymət tələbi də tənzimləyir və hər kəsə ona lazım olan qədər məhsul almağa stimul verir və bununla da məhdud resurslar səmərəli şəkildə paylanmış olur. Monopoliya resursların səmərəli bölünməsinə mane törətdiyinə görə bazarda rəqabəti gücləndirmək üçün dövlətlər bu istiqamətdə anti-inhisar qanunları tətbiq edərək, böyük şirkətlərin birləşməsinə və ya da kiçik rəqiblərini öz tərkibinə qataraq böyüməsinə icazə vermir.


Monopsoniya inhisarçılığın istehlakçı tərəfindən həyata keçirilməsidir. Yəni bazarda sadəcə bir müştəri və çox sayda istehsalçı var. Bu halda istehlakçı məhsulu istədiyi qədər ucuz ala bilər. Belə ticarət istehsalçılar üçün arzuolunmaz haldır. Monopsoniya daha çox böyük şirkətlərin əsas müştəri olduğu əmək və xammal bazarındadır. Dövlət böyük şirkətlərin bazarı ələ almasının qarşısını qanunlar qoyaraq, və ya onlara əlavə vergi, yaxud cərimə şəklində xərc yaradaraq alır.

Kənar təsir ("externality") hadisəsi də dövlətin müdaxiləsi üçün bir digər səbəbdir. Kənar təsir istehsal (və bəzən də istehlak) prosesində heç bir iştirakı olmayan üçüncü şəxsin həmin prosesin kənar təsirinə məruz qalmasıdır. Bu kənar təsir mənfi olduğu kimi müsbət də ola bilər. Əsas odur ki, bir insan qatqısı olmadığı işin təsirinə məruz qalırsa, deməli, ortada kənar təsir hadisəsi var. Buna aid yaxşı və bir pis nümunə verəcəm:

1) Ən məşhur nümunələrdən biri zavoddan ayrılan zəhərli qazların ətraf ərazi də yaşayan insanların sağlamlığına zərər vurmasıdır. Təbii ki, zavod sahibi bu səbəbdən dolayı vicdanının səsinə qulaq asıb bu zəhərli qazları azaltmaq üçün nə isə edə bilər, amma buna məhəl qoymayaraq öz gəlirini artırmaq üçün həmin qəsəbənin sakinlərini təhlükə altında da qoya bilər. Adam Smithə görə insanlar eqoistdirlər və başqasının xeyri üçün nəsə etmirlər (əgər bunun müqabilində bir təmənna alacaqlarından əmin olmasalar), bazar münasibətləri də məhz insanların şəxsi maraqları üzərində formalaşır. Bu səbəbdən də həmin insanların halına yanan vicdanlı biri olmalıdır. Əlbəttə ki, bu insanın iqtisadiyyatı tənzimləməyə səlahiyyəti də çatmalıdır. Bizim nümunədə bu vicdanlı insanlar dövlət idarəçiləriləridir. Onlar əhalinin ümumi vəziyyətini nəzərə alaraq islahatlar aparırlar. Zavodlar ətraf mühitə zərər vurduqda dövlət bunun qarşısını almaq üçün ya zavod sahibinin istehsalatına (daha doğrusu, istehsalatdan ayrılan zəhərli qazlara) limit qoyur, ya da onu həvəsləndirmək üçün zəhərli qazları azaltdığı təqdirdə ona güzəştlər edir.

2) Yaxşı təsirin özünün də kompensasiyaya ehtiyacı var. Sadəcə burada görünən tərəflər bir az mürəkkəbdir. Çünki mənfi təsirə məruz qalanlar haqlarını tələb edirlər amma müsbət təsirə məruz qalanlar onlara xeyir verən insanların haqları üçün nadir hallarda səs çıxarırlar. Məsələn, əgər bir insan hər səhər öz küçəsini süpürürsə, bu digər sakinlərə fayda verir. Yəni insanlar artıq çirkli küçələrdə əziyyət çəkmirlər. Ancaq heç kəs bu təmizkar qonşuya ödəniş etmir. Çox zaman bu qonşu etdiyi işin özünə və cəmiyyətə olan faydasından məmnun olmaqla kifayətlənir. Ancaq bu qonşu yorula, xəstələnə, və ya başqa bir ünvana köçə bilər. Əlavə stimul olmadığı təqdirdə bu fəaliyyət davamlı olmayacaq. Bu halda ərazi üzrə məsul qurum insanların öz yaşadıqları ərazidə təmizliyi təmin etmələri üçün onlara stimul verməlidir. Bu stimul hansısa ödənişlərin azaldılması, endirimlər, güzəştlər, pul mükafatları formasında ola bilər. Beləliklə, bu gün biz dövlətin bazara müdaxiləsini tələb edən iki bazar uğursuzluğu halından bəhs etdik. Lakin bunu da qeyd edək ki, dövlət bazar özünü nizama salan bilmədiyi halda müdaxilə edir. Çox zaman isə problemləri həll etmək üçün bazar münasibətlərini sərbəst buraxır. Azad iqtisadiyyatı iştirakçıların rəqabətdə olduğu bir oyun kimi düşünsək, insanlar oyunu qaydasına görə oynadığı zaman hər şey yolunda gedir. Dövlətin rolu isə cığalçılığın qarşısını almaqdır.


Çalışın cığalçlıqdan uzaq olun

və noxtanı nə zaman tutmalı olduğunuza özünüz qərar verin.

Xudahafiz!


 


59 views0 comments

Recent Posts

See All

Comments


Digər

bottom of page