Qonşu qonşunun külünə möhtacdır
Ədəbiyyatımız qonşuluq haqqında məsəllər, hekayələr, lətifələrlə zəngindir. Çünki qonşuluq münasibətləri insanların həyatında əhəmiyyətli yer tutur. Qonşu kömək lazım olanda, ilk müraciət olunan, haqqınızda ailə üzvlərindən sonra ən çox məlumata sahib olan, bizi qismən də olsa, tanıyan şəxsdir. Onlar biz istəsək də, istəməsək də, həyatımızda varlar və olacaqlar. Bu səbəbdən qonşumuzu seçərkən, dost seçimində olduğu qədər həssas davranmalı və ehtiyatlı olmalıyıq. Necə deyərlər: "ev alma, qonşu al". Elə tarix də göstərir ki, insanlar arasında qan bağından daha çox, qonşuluq önəm daşıyır. Çünki qonşular bir-birlərinə məsafə olaraq daha yaxındırlar. Yəni "uzaq qohumdansa, yaxın qonşu yaxşıdır". Yox əgər qonşu pisdirsə, onda köç qurtar.
Bəli, insanlardan fərqli olaraq ölkələr qonşuları pisdir deyə köçüb qurtara bilmirlər. Dövlətlər hər necə olursa, olsun, qonşuları ilə yaşamağa öyrəşmək məcburiyyətindədirlər. Buna görə, onlar ya qonşuları ilə yola gedirlər, ya onları idarə edirlər, ya da, onlar tərəfindən idarə olunurlar.
Ötən bloqda beynəlxalq ticarətdən bir az bəhs etdik. beynəlxalq ticarətdə, demək olar ki, bütün ölkələr, idxalı minimallaşdırıb, ixracın payını artırmaq istəyirlər. Net exportun (bundan sonra NX) yəni saldonun (NX=export-import) yuxarı olması yaxşı hal kimi qiymətləndirilir, insan xərclədiyindən daha çox qazanmaq istəyir və ölkələr də istisna deyil. "Beggar-thy-neighbour " və yaxud da "my neighbour" ("thy" qədim ingilis dilində sən sözünü ifadə edir) tərcümədə "qonşudan dilənmək", daha dəqiq mənası ilə desək "qonşunun varı ilə ağ günə çıxmaq" siyasəti də burada ortaya çıxır ki, bu da iki qonşunun arasında nifaqa səbəb ola bilər, ən yaxşı halda ticarət əlaqələri pozular. Yəni bu siyasət bir ölkənin digər ölkənin iqtisadiyyatına zərər verərək faydalanmasıdır. Hansı ki, dünyadakı xoşbəxtlik tarazlığının pozulmadığını düşünsək, öz xoşbəxtliyi üçün başqasının bədbəxtliyinə səbəb olmağa yönəlmiş siyasətdir. Lakin bədbəxtlik üzərində xoşbəxtlik qurmaq olmaz deyib atalarımız. Heç bir kəs qarşısındakının ondan sui istifadə etməsinə uzun müddət dözməz.
Bu siyasət özünü ölkənin öz daxili istehsalatını dəstəkləyərək ixracı artırması, lakin daxili istehsalatı zərbə altında qoyan, rəqabəti artıraraq daha yuxarı keyfiyyət və daha aşağı qiymət standardı gətirən, dolayısı ilə də yerli alıcıları xarici məhsullara cəlb edən idxala müəyyən limit və qadağalar qoymasında büruzə verir. Daxili istehsalçıları qoruma siyasəti protektionizm adlanır və bu siyasətin də öz nòvbəsində tərfdarları və əleyhdarları var. Yeni-yeni inkişaf edən sektorları onların gələcəkdə faydalı ola bilmə potensialını nəzərə alaraq qorumaq müsbət qiymətləndirilir, ancaq aşağı rəqabət bir müddət sonra aşağı keyfiyyət və yuxarı qiymət deməkdir. Bu siyasətin aşağıdakı nümunələri mövcuddur:
- Quotalar və tarifflər vasitəsilə idxala birbaşa təsir. Yəni idxal üzərinə tariff qoyularaq qiymətin aşağı düşməsinə mane olmaq, yaxud da quota tətbiq edərək ölkəyə idxalı məhdudlaşdırmaq.
- Vergi güzəştləri ilə yerli istehsalçıların xərclədinin azaldılması, eyni zamanda ölkəyə investisiya axınına təkan vermək.
- Yerli valyutanın məzənnəsinin aşağı salınması ilə dünya bazarına daha ucuz qiymətli məhsul çıxara bilmək. Məsələn, 1 USD=2AZN olarsa, ABŞ bizim məhsulu daha ucuz alır, çünki manat ucuzlaşır və 1 dollar artıq daha çox alıcılıq qabiliyyətinə malik olur.
Bu siyasətin əsas təsiri işsizlik problemində özünü göstərir, Joan Robinsona görə dünyada bizim bayaqdan bəri danışdığımız xoşbəxtlik tarazlığına oxşar məşğulluq (employment) tarazlığı var. Və bir ölkədə məşğulluq artırsa, digərində azalır (digər faktorlar sabit qaldıqda). Bir ölkədə əgər ixracı artırıb, idxalı azaldırsa, bu digər ölkələrin idxalına maneə törədir və oradakı istehsalatı zədələyərək işsizlik problemi yaradır. Sözsüz, belə problemlər Beynəlxalq Ticarət Təşkilatı (World Trade Organization - WTO) və digər bunun kimi ticarət təşkilatları və ittifaqlar tərəfindən tənzimlənir. Məsələn, BTT ölkələri daha azad ticarətə sövq edir, tariff və digər ticarət barierləri aradan qaldırır. Ümumiyyətlə, bir çox ölkələr bu cür ədalətsiz və qeyri-bərabər rəqabətin qarşını almaq üçün müxtəlif ittifaqlar daxilində birləşib qarşılıqlı yardımlaşma şəklində bütün tərəflərin faydalana biləcəyi ortaq qərarlar qəbul edərək inkişaf etməyi daha üstün tuturlar. Çünki bu rəqabət ümumi iqtisadiyyatın tənəzzülünə səbəb olur.
Məqalənin əvvəlində qeyd etdiyimiz xoşbəxtliyin tarazlığı məsələsi şəxsi həyatımızda da, iqtisadiyyatda da bir az bizim yanaşma tərzimizə bağlıdır. Sözsüz, biz xoşbəxtliyi başqasından alırıqsa, yəni onun sevincinə mane olaraq əldə ediriksə, dediyimiz doğrudur, amma unutmaq olmaz ki, xoşbəxtliyi özümüz də yarada bilərik, eyni ilə məşğulluğu yaratmağın mümkün olduğu kimi. Həm insanlar, həm də ölkələr üçün tək başına sadəcə öz daxili gücü hesabına yaşamaq qeyri-mümükündür. Biz bütün ehtiyaclarımızı təmin etmək üçün mütləq başqaları ilə əməkdaşlıq etməliyik. Demək istədiyim, əldə etmək istədiyimiz şeylər üçün başqalarının haqqını tapdalamağa ehtiyac yoxdur, potensialımız xaricində olanları əldə etmək üçün xarici ticarətdən ədalətli şəkildə istifadə edərək, öz daxili potensialımızdan istifadə edərək inkişaf etmək mümkündür, qısa müddətli çətinliklər qaçılmazdır, onsuz da, qısa yoldan əldə olunan xoşbəxtliyində ömrü çox deyildir. İnsanın necə yaşadığı onun özü üçün nə etdiyindən asılıdır.
Özünüzə yaxşı baxın və yaxşı qonşu olun ki,
qarşınıza da yaxşı qonşular çıxsın.
Xudahafiz!
Comments