top of page
Post: Blog2_Post
Writer's pictureSitara Aghasoy

Tutuquşu bahadır, ya hind toyuğu?

Bir gün yenə Molla Nəsirəddin gedir bazara, görür ki, bir nəfər 50 manata tutuquşu satır. Gedir evdən hind toyuğunu gətirib bazarda 500 manata qoyur. Mollanın bu hərəkətini görənlər soruşur ki, bəs heç bu qiymətə hind toyuğu olar? Molla cavab verir: "O tutuquşunu 50 manata satır, heç ondan soruşmursuz. Mənim hind toyuğum azı 30 dəfə 0 tutuquşudan böyükdür, tutuquğu 50 manata olarsa, elə bu da 500 manata olar".

Tutuquşununmu, yaxud hind toyuğununmu daha faydalı olduğunu deyə bilmərik. Bu fayda insandan insana dəyişər. Eyni zamanda 50 manata tutuquşu, 500 manata hind toyuğu olmaz desək, yalan olar. Bunu da dəqiq deyə bilmərik. Lakin tutquşunun və hind toyuğunun qiymətinin necə müəyyən olunduğunu izah edə bilərik.


Azad Bazar İqtisadiyyatı

Bu günə qədər haqqında danışdıqlarımız prinsiplərin hamısı bazar iqtisadiyyatına aiddir. İnsanlar heç bir basqı altında qalmadan müstəqil qərar verir, seçim edir, onların şəxsi mənafelərinə təsir edə biləcək məqamları nəzərdən keçirir, nəyi alacağını, nəyi satacağını və hətta neçəyə alıb-satacağını müəyyən edir.


Burada həm istehsalçı, həm istehlakçı sadəcə öz maraqlarının izi ilə gedir.


Alıcılar bir neçə məhsul arasında özünə daha uyğun olanı seçir və məhsula verdiyi dəyərə, alıcılıq qabiliyyətinə əsasən onun üçün pul ödəyir. İstehsalçılar da xərcləri, bazar şərtlərini, rəqabəti və alıcıların tələbatını nəzərə alaraq lazımi sayda və qiymətdə məhsul hasil edir. Əgər tələbat təklifdən çox olarsa, istehsalçılar məhsul sayını və qiymətləri artırır. Təklif tələbdən çox olduğu halda isə, istehsalat miqdarı azalır, qiymətlər aşağı düşür. Bu heç bir kənar qüvvənin təsiri olmadan, bazarın öz-özünü necə tənzimlədiyinin nümunəsidir. Bu cür iqtisadiyyat müxtəlif tərəflərin qərarları əsasında formalaşır. Alıcılar və satıcılar qiyməti öz aralarında sövdələşirlər. İqtisadiyyatın bu forması əslində ən səmərəli olanı hesab edilir.


Doğrusu, bazar iqtisadiyyatının səmərəliliyi hamı tərəfindən birmənalı qəbul olunmur. Heç kəsin nəzarət etmədiyi və sadəcə şəxsi maraqların idarə etdiyi bir sistemin nə qədər ədalətli və səmərəli ola biləcəyi sual altındadır. Hələlik isə biz ədalətdən bəhs etmirik. Hər kəsin öz maraqları üçün çalışdığı və bu maraqların rahatlıqla toqquşa biləcəyi mühitdə ortaq nöqtəyə gələ bilməyin mümkünlüyündən danışırıq.  Və nəzəriyyəyə görə azad bazar iqtisadiyyatı ("free market") əvvəl-axır özü bu nöqtəyə gəlib çatır, bu nöqtə "equilibrium" nöqtəsidir: yəni alıcıların vermək istədiyi məbləğlə istehsalçıların qoyduğu qiyməti üst-üstə düşdüyü, eyniləşdiyi nöqtə. Və bu fikri iddia edən də Adam Smithdir. Daha doğrusu iddia edənlərdən biri.



İslam iqtisadiyyatı

Azad bazar iqtisadiyyatı anlayışı çox zaman Adam Smithin adı ilə əlaqələndirilsə də, Jan Devid Bulakianın (1971) və iqtisadiyyatçı İbrahim Üveysin araşdırmaları da təsdiq edir ki, İslam iqtisadiyyatına töhfələr vermiş ibn Xəldun hələ 15-ci əsrdə yazdığı “Müqəddimə” əsərində iqtisadiyyatla bağlı bir sıra fundamental anlayışlardan bəhs etmiş, tələb və təklif münasibətləri, əməyin qiymətin formalaşmasına təsirini, mənfəət, əməkhaqqı və vergi şəklində əldə olunan gəlirləri izah etmişdir. İbn Xəldun öz əsərində həm də bizim 5-ci prinsipdə bəhs etdiyimiz əməkdaşlıq və qarşılıqlı yardımlaşma mövzusuna toxunaraq insanların bu cür əməkdaşlığın və ticarətin daha çox fayda hasil edə biləcəyini qeyd edib".


İslam qanunlarına görə heç bir bazar iştirakçısı qiymətlərin tənzimlənməsində birbaşa iştirak etməməlidir. Qiymətlər azad bazar prinsipi ilə tənzimlənməlidir. Əgər bazarda məhsulların miqdarı artar və bolluq olarsa, nəticədə qiymətlər istehlakçılar üçün daha əlverişli olar.

Adam Smith bu qiymət tənzimləməsini "invisible hand" - “Görünməz əl” ifadəsi ilə təsvir etmişdir. O, görünməz əli tələb və təklif münasibətləri əsasında yaranan bir mexanizm kimi görür və eynilə İslam iqtisadiyyatında da qiymətin kənar şəxs tərəfindən müəyyən edilməsi doğru qarşılanmadığı kimi dövlətin müdaxiləsinin bu mexanizmə zərər vurduğunu düşünürdü.


Görünməz əl bazarda tarazlıq yaradır. Görünməyən şeylər haqqında danışmaq çətindir, amma biz görünməz əlin görünən cəhətlərindən bəhs edərək durumu aydınlaşdıracağıq. Deyirik ki, bazarın ağası olmadığından bazarda hərə özü özünün ağasıdır. Sadəcə özünü düşünən eqoistlərin bir-birinə necə xeyri dəyə bilər? Əslində, vəziyyət çox sadədir. Hamı bir nöqtəyə qədər öz istədiyi kimi davranır, müəyyən vaxtdan sonra başa düşür ki, bu şəkildə istəyinə çata bilməz.


Qolumuzdan daha uzun qaşıqlar

Köhnə bir rəvayətdə Cənnət və Cəhənnəmi bir-birindən sadəcə bir xüsusiyyət ayırırdı. Cəhənnəmdə qollarından daha uzun qaşıqları olan insanlar mümkün olmadığını gördükləri halda acgözlüklə qaşığı öz ağızlarına apardıqları halda, Cənnətdə insanlar bu uzun qaşıqlarla qarşılarındakı yoldaşlarını yedizdirə biləcəklərinin fərqinə varırlar və beləcə hamının qarnı tox, əhvalı xoş olur. Daha əvvəlki bloqların birində Deyl Karnegidən bir misal çəkmişdim: qarşımızdakı insana öz mənfəətimizdən yox, məhz onun mənfəətindən bəhs etsək onunla razılığa gələ bilərik. Deməli, qarşımızdakı insanın bizə fayda verməsi üçün biz də ona xeyir verməliyik. Aramızdakı uzun məsafəni aşmaq üçün tən ortadakı nöqtəyə doğru hərəmiz bir addım atmalıyıq. Məlumdur ki, alıcılar ən aşağı istehsalçılar isə ən yuxarı qiyməti qoymaq istəyər. Amma bu zaman ikisinin maraqları bir-birinə zidd olar. Bu maraqlar üst-üstə düşsün deyə qiymət ikisinə də uyğun olan nöqtəyə - "equilibrium" - yəni tarazlıq nöqtəsinə gəlir.


Nəticə etibarilə azad bazar iqtisadiyyatı məhsul və xidmətlərin istehsalının onları daha aşağı xərc və daha yüksək keyfiyyətlə təmin edənlərə, istehlakının isə ona daha çox ehtiyacı olanlara bölüşdürülməsini təmin edir ki, bu da bazar da qıtlığın və artıqlığın həcmini azaldaraq qiymət və kəmiyyətdə equilibrium nöqtəsinə çatmağa imkan verir. Qeyd etmək lazımdır ki, qiymət bazarda məhsulun sayını və hətta alıcılar və satıcıların sayını da müəyyən edir. Ümumiyyətlə, ticarətin gedişatını tənzimləyən qiymətdir. Beləliklə, görünməz əlin görünən aləti olan qiymət vasitəsilə onun iş prinsipini müəyyən qədər başa düşdük. Bu prinsipin demək istədiyi odur ki, bazar özü-özünü tənzimləyə bildiyinə görə kənardan müdaxilə onu equilibrium nöqtəsindən yayındırır və səmərəliliyi azaldır.

Həm İslam iqtisadiyyatında, həm də Adam Smithin təsvir etdiyi azad bazarda dövlətin müdaxiləsi çox da müsbət qiymətləndirilmir. Bazar nə iştirakçılar tərəfindən, nə də dövlət tərəfindən idarə olunmamalıdır. Yəni bazar iştirakçıları arasındakı ticarət əlaqələrinə heç bir kənar qüvvə müdaxilə etmir. Hətta bu sistemin fransızca təsviri də var: "laissez faire". Mənası "qoy olsun", "imkan ver etsin" kimidir. Bu ifadə yaranması ilə bağlı belə bir rəvayət var ki, 17-ci əsrdə Fransa kralı XIV Luisin yanında maliyyə işləri üzrə nazir olan Jan Baptist Kolbert sənayeçilərdən (iş adamlarından) bizneslərin inkişafı üçün dövlətin necə dəstək ola biləcəyini soruşur, onlar da cavab verirlər, bəs "laissez-nous faire" - imkan verin işləyək. Yəni azad bazar iqtisadiyyatında dövlətin edə biləcəyi ən yaxşı şey imkan verməkdir. Diogen demişkən, kölgə salma, başqa heç nə istəməz.


Böyük Qardaş dəstəyi

Azad iqtisadiyyat dövlətin müdaxiləsini sevmir. Ancaq azad münasibətlər zamanı başqalarının azadlığı məhdudlaşdırırsa, bu artıq səmərəsizliyə gətirib çıxarır. Necə deyərlər, mənim azadlığım sərhədi başqalarının azadlığında bitir. Bəzi insanlar isə bu sərhədi görmür. Məhz elə bu cür hallar üçün dövlətin dəstəyinə ehtiyac duyulur. Çünki iqtisadiyyat özünü tənzimləyə bilmir və bazar uğursuzluğu ("market failure") baş verir. "Bu cür hallar" deyəndə, əsasən iki məqam - bazarda güc natarazlığı ("market power") və inhisarçılıq (monopoliya, oliqopoliya, monopsoliya), kənar təsir ("externality"). Birinci məsələ bazarda iştirakçılardan birinin qiymətlərə təsir qüvvəsinin artması deməkdir: "mən bazarda yeganə tədarükçüyəm, istədiyim qiymətə satıram, alan alsın, almayanın da canı çıxsın", yaxud da "yeganə istehlakçıyam, istəsəm bir qəpik verərəm, onsuz da, mənə satmayıb kimə satacaqsınız ki". Əgər kimsə qiymətə əhəmiyyətli dərəcədə təsir göstərə bilirsə, bu zaman dövlət inhisarçılığa qarşı "anit-trust" qanunlarla bunun qarşısını alır.


İkinci nümunə isə kənar təsirlə bağlıdır: iki nəfər alqı-satqı edir, bu ticarətlə əlaqəsi olmayan 3-cü şəxs isə ya zərər çəkir, ya da faydalanır. Lakin zərərçəkinə və ya fayda verən şəxsə heç bir kompensasiya ödənmədiyinə görə iqtisadi tarazlıq pozulur. Məsələn, istehsal zamanı hava çirklənməsi əhaliyə ziyan vurur. Burada istehsalçı bu zərərin xərcini əhaliyə ödəməlidir. Dövlət istehsalçıya məhdudiyyət qoya və ya ona vergi tətbiq edib, həmin vergini hava təmizlənməsinə xərcləyərək əhalini qoruya bilər.


Kapitalizm = quldarlıq?

Bu gün Dünyaya nəzər salsaq, həm kapitalist, həm sosialist, həm də hibrid iqtisadi quruluşlara rast gələrik. Kapitalizm və sosializm mübahisəsi hər zaman mövcud olub və hər ikisinin mənfi və müsbət cəhətləri var.


Kapitalizm azad bazar ticarəti ilə yanaşı qeyri-etik hesab olunan və bəzi bazar iştirakçılarının digər iştirakçıların itkisi bahasına öz qazancını artırması məqsədi güdən oportunistik davranışları da özündə cəmləşdirir. Yəni kapitalizm köləlik deyil, amma yuxarıda qeyd olunan güc bərabərsizliyi nəticəsində buna şərait yaranır.


Sosializm isə azad ticarət imkanlarını məhdudlaşdıraraq qiymət və kəmiyyətin equilibrium səviyyəsinə çatmasına mane olur və tələb və təklif arasında yaranan fərq səmərəsizliklə nəticələnir.


Bu səbəbdən ən səmərəli iqtisadiyyat hibrid iqtisadiyyatdır: dövlət bazarı sərbəst buraxır, ancaq ciddi problem olduqda böyük itkilərə qarşı onu müdafiə edir. Eynisini mənim üzgüçülük müəllimim də edirdi, bizi suya buraxırdı, gözləyirdi ki, özümüz çabalayaq, boğulanda gəlib çıxarırdı.


Hind toyuğundan üzgüçülüyə necə gəldik, heç mən də bilmədim. Ancaq bloqun əvvəlində qeyd etdiyim suala cavab olaraq demək istəyirəm ki, hind toyuğunun və ya tutuquşunun, hətta ağlınıza gələ biləcək hər şeyin qiyməti bazar iştirakçılarından asılıdır. Ancaq tək-tək yox hamısından bir yerdə asılıdır. Artıq tələb qiyməti arıtırır, artıq təklif isə aşağı salır. Elə çox zaman mağazada ən bəyəndiyimiz məhsulun daha baha olma səbəbi də budur. Həmin məhsula tələb çoxdur.


Ona görə, çalışın hər şeyə lazımi qədər dəyər verin.

(Ən əsas da özünüzə.)

Çünki sizin qərarlarınız bazar iqtisadiyyatına təsir edir.

; - )


Xudahafiz!






39 views0 comments

Recent Posts

See All

Comments


Digər

bottom of page