Doğruya aparan yanlışlar...
Səhv nədir. Nəticəsi pis olan davranışlar. Bəzən də səbəbi pis olan davranışlar. Bəs səbəbi pis olub nəticəsi yaxşı olan davranışlar səhv hesab olunurmu? Yəni səhvlərin nəticəsi həmişə yaxşı da ola bilərmi? Əslində səhvin nə olduğunu bilmək üçün doğrunun nə olduğunu bilməliyik. Belə bir söz var bütün düz xətlər bir-birinə bənzəyir, bütün əyri xətlər isə hərəsi bir cürə əyridir. Yəni doğru birdir, səhvlər isə müxtəlif. Doğru məlumdursa, onda fərqli olanlar yanlışdır.
Ümumən belə fərz etmək olar ki, səhv və doğru anlayışı əvvəl nəticəyə əsasən müəyyən olunub. Sonralar isə insanların beynində bir vərdiş olaraq oturuşub və nəticənin nə olduğunu artıq heç kəs araşdırmayıb. Amma hər bir davranışın nəticəsi var və bu nəticəyə görə də hərəkət doğru ya da yanlış olaraq qiymətləndirilir. Sözün düzü, nəticələr özü də hər zaman asanlıqla görüləbilən olmur. Buna görə də biz deyirik ki, davranışların qısamüddətli və uzunmüddətli təsiri var. Məsələn, Şahmatda səhv gediş məğlubiyyətə aparan gedişdir. İlk baxışdan ya da daha təcrübəsiz bir oyunçu üçün səhv gediş güclü bir fiqurun vurulması ilə nəticələnən gediş ola bilər. Amma unutmamaq lazımdır ki, oyunda ən əsas fiquru Şahdır. Oyunun məqsədi də onu qorumaqdır. Yəni güclü fiquru itirsən belə bu səhv addım atmısan demək deyil. Bir az daha geniş miqyasda baxsaq, bəlkə də, oyunu uduzmağının özü həyatına müsbət təsir göstərəcək?
Tarixə nəzər salsaq, Kolumb Hindistana gedib çıxmağa çalışarkən yolu səhv saldığından Amerikanı kəşf edib. Necə ki, biz sualın cavabın səhv salanda Amerika kəşf edirik. Əslində o anki vəziyyətə əsasən Kolumb səhv etmişdi. Daha sonra məlum oldu ki, sən demə məşhur səyyah əslində yeni qitə kəşf edib. Daha sonra bu qitə Ameriqo Vespuççinin adı ilə bağlansa da, Kolumbun adı da tarixə düşdü. Tarixdə bir az irəli getsək, əslində Kolumbun, nə də Vespuççinin kəşfi Dünyaya xoşbəxtlik bəxş etmədi. Ən azından yerlilər və Afrikadan özləri ilə qul kimi apardıqları insanlar çox əziyyətlərə məruz qaldı. Kifəyət qədər sərvəti olan bu böyük qitə sakinlərinin var dövləti başlarına bəla oldu. İnsanlar isə Kolumbum bilərək, ya da bilmədən yol açdığı bu acınacaqlı səhvə göz yummadı. Los Ancels ştatında 45 il dayanan heykəlini aşırdılar. Bugünki gündən baxsaq Kolumb düz edib ya səhv edib demək çətindir. Amerika kəşf olunmadan da zülm, əsarət və irqçilik var idi və təəssüf ki, olacaqdı. Amma belə baxanda Amerika olmasa ABŞ yaranmazdı, ABŞ olmasa bəlkə devalivasiya da olmazdı?
Niyə səhv edirik? Niyə səhv etməyə davam edirik? Yəqin ki, səhvlərimizdən dərs çıxarmadığımız üçün. Əsl səhv isə elə budur. Səhv etdiyini başa düşməmək. Məsələyə bir az elmi cəhətdən yanaşsaq, səhvləri daha aydın müzakirə edə biləcəyimiz data analizinə müraciət edə bilərik. Araşdırma apardığımız zaman data toplamadan öncə, ilk iş hipotez (fərziyyə) müəyyən etməkdir. Araşdırma dedikdə, hər zaman Dünya miqyaslı problemlər nəzərdə tutulmur, ona görə də gəlin şəxsi həyatla bağlı nümunələr verək. Məsələn, ən yaxın dostunuz, əslində sizi sevmir. Bu bir fərziyyədir. Bunu araşdırmaq üçün həmin dostunuz haqqında data toplayırsınız: ad gününüzü hər il xatırlaması, sizə demiş olduğu yalanların sayı, sizinlə bərabər və sizsiz keçirdiyi vaxt, təkliflərinizə mənfi və müsbət cavabları, siz olmadığınız mühitdə sizin haqqınızda söylədiyi fikirlər və s. Təbii ki, siz burada bütün datanı toplaya bilməzsiniz, həmçinin bütün amilləri (riyazi dildə desək əsas dəyişənləri) də müəyyən edə bilməzsiniz. Nəzərə alsaq ki, sevgi özü müşahidə olunması və ölçülməsi çətin olan bir dəyişəndir, işiniz asan olmayacaq. Buna görə də çox güman ki, müəyyən dərəcədə səhvə yol verəcəksiniz. Odur ki, bir araşdırmada mütləq xəta payı olur. Və bu xətalar 2 cür olur: I növ, II növ. I növ xəta fərziyyəni yanlışlıqla inkar etdikdə yaranır. Yəni biz inkar cümlə halında qurmuş olduğumuz fərziyyəni doğru olduğu halda (yəni dostumuzun bizi sevmədiyi halda) rədd etsək və desək ki, dostumuz bizi sevir, bu I növ xətadır. II növ xəta isə odur ki, dostumuz bizi sevdiyi halda biz öz fərziyyəmizi rədd edə bilmirik. Yəni araşdırmalarımızın nəticəsi bizə dostumuzun sevgisinə inanmağa imkan vermir. (qeyd: burada dostumuz bizi sevmir demək yanlışdır, biz yalnızca onun sevgisini sübuta yetirən yetərincə məlumat olmadığını deyə bilərik). Adətən (və həmçinin bu misalda) 1-ci növ xəta daha təhlükəlidir, çünki biz araşdırmaqdan vaz keçirik, dostumuza inanırıq, ona ürəyimizi açırıq və nəticələr xoşagələn olmur. Heç nə tapmadan nə isə tapdığını zənn etmək, nə isə tapıb, heç nə tapmadığını düşünməkdən təhlükəlidir. Çünki axtarmaqdan vaz keçirik. 2-ci növ xətada isə axtarmağa davam edirik.
Bəs səhvlərimizdən öyrənmək mümkün deyilsə? Əslində baş verənlər bizim qərarımız yox, taleyimizdirsə? Doğrudan da, səhvlərimizin taleyimizlə bir əlaqəsi ola bilər mi?
Məsələn, Monte-Carlo yanıltmasında olduğu kimi. Əslində bu nəzəriyyəyə görə iddia olunurdu ki, indi baş verən uğursuzluqlar gələcəkdə baş verəcək uğursuzluqların ehtimalını azaldır. Özü də bu nəzəriyyə qumar oyunu üzərindən izah olunur və digər adı da Qumarbaz yanılqısıdır. Amma əslində fikir tamamilə yanlışdır. Çünki qumar şans oyunudur və kimin bəxtinə nə zaman nə düşəcəyi keçmişdə baş verən hadisələrdən bir o qədər asılı deyil. Çünki səhvlər ondan çıxarılan dərslər nəticəsində azalır. Yəni öz səhvlərimizi xatırlamaq üçün yaddaşa, nəticə çıxarmaq üçün təfəkkürə ehtiyacımız var. Qumar da atılan zərlərin isə nə yaddaşı var, nə təfəkkürü. (bununla belə Monte-Carlo simulyasiyasını tamamilə yanlış hesab etmək olmaz, bu yanıltma Böyük Ədədlər qanununun əsasını təşkil edir və hazırda Data Science sahəsində istifadə olunur.)
Laplas isə əksinə, iddia edir ki, baş verən hadisələr dəqiq ardıcıllığa malikdir və bu ardıcıllığı bilməklə hadisələrdən əmin olmaq mümkündür. İnsanların hislərini müəyyən etmək atomların davranışını müəyyən etməkdən daha çətindir.
Həyat isə nə fizika qədər dəqiqdir, nə də qumar qədər qeyri-müəyyən. Həyat bunların ikisinin düz ortasındadır. Və doğruya çatmaq məhz elə bu qızıl ortaya çatmaqdır. Eyni ilə Kirpi Dilemması kimi: soyuqdan donan kirpilər daha çox üşüməmək üçün bir-birinə sarılmağa çalışır, amma bu dəfə də tikanları bir-birinə batır. Kirpilər elə bir məsafə tapmalıdırlar ki, nə üşüsünlər, nə də tikanları bir-birinə dəysin. Bu məsafəni tapana qədər isə təkrar-təkrar səhv edirlər. Biz də doğrunu müəyyən edənə qədər səhv addımlar atırıq. Çünki öyrənməyin ən yaxşı yolu cəhd eləməkdir.
İnsan səhv etdiyi zaman deyil,
vaz keçdiyi zaman məğlub olur.
Addımlarımız seçimlərimizdir. Hər atdığımız addımda qarşımızda yeni yol ayrımı, hər etdiyimiz seçimdə yeni seçim imkanları yaranır. Verdiyimiz qərarlar gələcəyimizə təsir edir. Elə götürək biz tələbələri: ixtisas seçimi edərkən nəyi əsas götürmüşük? Səhvmi etmişik? Yoxsa doğru seçim etmişik? İxtisas seçimi edərkən beynimiz çoxlu suallarla dolu olub. Hətta bu çoxlu suallar imtahan suallarından da çətin və əhəmiyyətli olub. Çünki seçmək seçilməkdən çətindir. Seçilmək üçün qarşımıza qoyulan suallar bizi seçən insan tərəfindən müəyyən olunur. Cavablar da həmçinin qabaqcadan müəyyən olunub. Amma seçmək üçün özümüz qarşımza doğru suallar qoymalı, sonra ona doğru cavablar tapmalıyıq. Və bütün bunların doğruluğunu müəyyən edən əsas etalon bizim öz intuisiyamız, öz düşüncələrimiz, öz beynimiz, öz qəlbimizdir. Sonradan bu seçimlərin faydası və zərəri də yenə bizimlə bağlı olur.
Səhv edirsinizsə, deməli, fəaliyyətdəsiniz. Deməli, ilk addımı atmısınız.
Comments