top of page
Post: Blog2_Post
Writer's pictureSitara Aghasoy

Çörək bol olarsa, basılmaz Vətən

Bəli, məhz belə deyib görkəmli şair Səməd Vurğun. Öncəsində isə "Torpağa düşməsin havayı bir dən" söyləyərək bizə bəxş olunan nemətlərin ən kiçik zərrəsinə belə nə qədər çox dəyər verdiyini göstərib. Amma şair təkcə bunu demək istəməyib. Bu iki misrada o, əslində, iqtisadi səmərədən danışıb, özü də ən romantik və poetik bir şəkildə və tam da ona yaraşan bir tərzdə. Bir buğda dənindən ilhamlanaraq yazan tək Səməd Vurğun deyildi, yəqin ki. Dünyada çox belə ədiblər var. Lakin bir buğda dənəsinin bir ölkə iqtisadiyyatını necə dirçəldə biləcəyini, məncə, ən qısa və ən dəqiq məhz elə o ifadə edib. Hətta bu misralar o qədər dillər əzbəri olub ki, uzun illər məktəblilər üçün inşa mövzusuna çevrilib. Biz o zaman bu misraları çörəyə aid etsək də, burada məsələnin çörək deyil, çörəyin istehsalı olduğunu böyüdükdən sonra anlamışıq.

Mevlana Cəlalləddin Ruminin belə bir sözü var: “Allah sənə bir əl veribsə, çalış, qazan və digər insanlara faydalı ol”. Fikir verirsinizsə, cümlədə belə bir ardıcıllıq gözlənilib:


çalışmaq ---> qazanmaq ---> faydalı olmaq


Faydalı olmaq üçün qazanmaq, qazanmaq üçün isə çalışmaq gərəkdir. Bu prinsipi "Nə əkərsən, onu da biçərsən" atalar sözünə bənzəyir, həm də "İşləməyən dişləməz" sözünə. Qeyd edək ki, burada qazanmaq puldan daha çox, məhsul mənasındadır. Biz çalışıb istehsal edirik. Zəhmətimiz nəticəsində əldə olunan məhsul sonda həm bizə həm cəmiyyətə faydalı olur. Nə qədər çox istehsal etsək, "həyat standartı"-mız bir o qədər qalxar (yəni daha çox "varlı" olarıq) və istehlak edə bilərik. Nə qədər çox ağac əksək, həm biz, həm də ailə üzvlərimiz o qədər çox meyvə yeyə bilər. Hətta ailə üzvlərindən biri həmin meyvələrdən mürəbbələr hazırladıqda qışda "istehlak edə" biləcəyimiz daha çox qidamız olar.


Yuxarıda ailə daxilində insan əməyinin faydalarını kiçik nümunə üzərində gördük. Eyni hal böyük dövlətlər üçün də keçərlidir. Hər bir ölkənin həyat standartı ("life standard") onun məhsuldarlığından asılıdır. Qreqor Menkyu isə bunu belə ifadə edir: "Xalqlar istehsal etdiyi qədər istehlak edirlər". Biz çəkdiyimiz zəhmət qarşılığında nə isə əldə edirik. Ortalamamızın yuxarı olma səbəbi çox çalışmağımızdır (daha doğrusu, ağıllı şəkildə çalışmağımız). Sözsüz, burada digər faktorlar da rol oynayır amma əsas olan bizim çəkdiyimiz zəhmətdir. Daha dəqiq desək, məhsuldarlıq ("productivity").


Məhsuldarlıq bizim konkret bir zaman müddətində (məsələn, bir saatda) istehsal edə bildiyimiz məhsul və ya xidmətlərin miqdarıdır.


Mən bir saata digər dostlarımdan daha çox səhifə oxuya bilirəmsə, məhsuldarlığım daha yuxarıdır. Burada diqqət etməliyik ki, söhbət neçə saat işləməkdən yox, bir saata nə qədər işi tamamlaya bilməkdən gedir. Çünki məhsuldarlıq nəticə ilə ölçülür. Əldə etdiyimiz nəticə isə bizim həyat şəraitimizə təsir edir.


İstehlak üçün istehsal

Bu prinsipdə əslinə baxanda çaşdırıcı bir elə məqam yoxdur, əsas fikir ondan ibarətdir ki, siz əgər 1 kg alma yığmısınızsa, ya 1 kg almanı yeyəcəksiniz. Nəzərə alsaq ki, Dünya iqtisadiyyatı özünü təmin etmə ("self-sufficiency") yox, məhz ticarət və ixitisaslaşma üzərində qurulub və "ticarət insanları varlandıra bilir", siz həm də yığdığınız almaların bir hissəsini satıb puluna nə isə başqa şey ala bilərsiniz. İstənilən halda bu almanın çəkisini artıra bilsəniz, yəni gələn il daha çox alma yığa bilsəniz, yaşayış şəraitiniz də əvvəlkinə nəzərən yaxşılaşacaq. Necə ki daha çox istehsal edən ölkələr həm özlərini təmin edə bilir, həm də ixrac payları artır. Təbii, bu şəkildə gəlir də artır.

Bu gün iqtisadiyyatı güclü olan ölkələrə nəzər yetirsək, görərik ki, onların bir çoxu xammaldan daha çox, hazır məhsul ixracı ilə məşğuldur. Xammalın özü də dəyərlidir və onu əldə etmək də öz növbəsində zəhmət tələb edir. Ondan yeni nələrsə hazırlamaq isə həmin xammala əlavə dəyər qatır (əlbəttə ki, əlavə zəhmət bahasına). Fikir verdikdə görürük ki, xammalı çox olan ölkələr deyil, az xammalı olmasına baxmayaraq, resurslardan maksimum effektiv istifadə edərək özünə gəlir mənbəyi yaradan ölkələr (həm də insanlar) daima inkişaf edir. Bəlkə də, bu çox şeyə sahib olmağın yaratdığı arxayınlıq hissinin nəticəsidir.


Davamlı və dayanıqlı iqtisadiyyat

Bundan öncəki bloqlarda insanları istehsalçılar və istehlakçılar olaraq iki qrupa ayırırdıq. Lakin böyük rəsmə baxdıqda, biz insanlar istehlakçıyıq. Təbiət isə bizim xammal tədarükçümüzdür. Biz ondan aldıqca, onun resursları tükənir. Həmin resursların bərpa olması üçün müəyyən qədər gözləmək (məsələn, nəsli kəsilməkdə olan balıqları bir müddət qida sənayesində istifadə etməmək), həmçinin həmin ehtiyatları təmin etməkdə təbiətə dəstək olmaq (məsələn, ağac əkmək) lazım gəlir. Tükətdiyimiz hər şeyi bərpa etmək üçün də yenə də çalışmaq və nəsə düzəltmək lazımdır.


Çünki biz sadəcə bu gün deyil, sabah da da istehlak etmək istəyəcəyik.

Təkcə biz yox, həmçinin gələcək nəsillər də

bizim indi tükətdiyimiz məhsullara ehtiyac duyacaq.


Ona görə də, ehtiyatlı istehlak ("conscious consumption")davamlı istehsal ("sustainable production") prosesinə diqqət ayırmalıyıq, yəni ehtiyacımız qədər istifadə etməli və bacardığımız qədər tükənən ehtiyatların yerinə yenisini qoymalıyıq. Dayanıqlı iqtisadiyyat ("sustainable economy") da məhz bu cür formalaşır. Bu gün etdiklərimiz sabah əldə edəcəklərimizə təsir edir. Bayaq da qeyd etmiş olduğumuz "nə əkərsən, onu da biçərsən" məsəlindəki kimi. Uarren Baffetin də oxşar bir sözü var:

 

Bu gün kimsə kölgədə oturursa,

deməli, illər öncə bir nəfər ağac əkib.

 

İstehsal üçün istehlak

Deyirik ki, hər bir ölkə istehsal edərək qabağa gedə bilər. Çünki xammal ixrac edib, ondan daha bahalı hazır məhsul idxal edən ölkələr getdikcə yoxsullaşır və hər zaman xarici ticarətdən asılı qalırlar. İqtisadiyyatın 5-ci (və mənim ən sevdiyim) "ticarət insanların rifahını yaxşılaşdıra bilər" prinsipindən yola çıxaraq bilirik ki, hər şeyi özümüz istehsal edə bilmərik, ona görə bir-birimizdən qarşılıqlı asılıyıq. Lakin xammal ixracatçılarında bu asılılığın payı yuxarı olur, çünki ən dəyərli təbii ehtiyatlar ya tükənir, ya da gec bərpa olur. İqtisadiyyatın isə bundan daha artığına: istehsala ehtiyacı var. Bəzi ölkə siyasətçiləri zamanında buraxılmış səhvi düzəltmək üçün addımlar atır və həyat standardlarını qaldırmaq üçün məhsuldarlığı artıracaq siyasətlər yeridir. Sözsüz ki, heç zaman gec deyil. Bəs bir ölkə öz yerli istehsalına dəstək vermək üçün nələr edə bilər?


Bilirik ki, təklif olması üçün tələb olmalıdır. Məhsulu alan yoxdursa, onu istehsal etməyə dəyməz. Ona görə dövlət əgər istehsala təkan vermək istəyirsə, çalışır ki, yerli məhsullara tələbi artırsın. Necə deyərlər: "hamı yerli mal alsın, xeyir Vətənə qalsın!" Əlbəttə ki, dövlət istehlakçıları yerli məhsul almağa sövq etmək üçün onların beynini ələ keçirə bilməz. Amma fikirlərini dəyişəcək başqa addımlar ata bilər. Bunun üçün isə birdən çox üsul var:

  1. Ən primitiv, lakin beynəlxalq ticarət dəstəkçiləri tərəfindən ən bəyənilməyən üsullardan biri idxala qoyulan məhdudiyyət və qadağalardır. Bəzi dövlətlər xaricdən gətirilən məhsullara ya tamamilə qadağa qoyur, ya da müəyyən rüsumlar tətbiq edir ki, daxili bazarın qiyməti ilə uyğunlaşsın. Əgər bir məhsulun ölkədə istehsalı daha çox xərc tələb edirsə, bu məhsul öz beynəlxalq rəqiblərinin daha ucuz məhsulları ilə rəqabətdə məğlub olur. Rüsumlar bu cür qiymət fərqini aradan qaldıraraq yerli məhsullara marağı artırır.

  2. Digər buna bənzər üsul yerli istehsalçılara, xüsusilə kiçik və orta bizneslərə subsidiyalar, aşağı faiz dərəcəli kreditlər, vergi güzəştləri kimi imkanlar yaradaraq onların xərcini azaltmaqdır. Beləliklə, həmin şirkətlər daha aşağı xərc çəkdiklərinə görə məhsulu daha ucuz sata bilir, hətta onu xarici bazara çıxara bilirlər. Ancaq Dünya Ticarət Təşkilatı kimi qurumlar bu cür addımı da məqbul hesab etmirlər və bunun digər bazar iştirakçıları üçün ədalətsiz rəqabətə gətirib çıxardığı qənaətindədirlər.

  3. Əsas məsələ tələbi artırmaqdır. Və bunu hər zaman dolayı yolla etməli deyilik. Birbaşa da edə bilərik. Məsələn, dövlət yerli mal alan müştərilərə endirimlər, güzəştlər tətbiq edə bilər. Əlbəttə, bunu istehsalçılar özləri də etməkdə maraqlıdırlar. Amma bazara yeni daxil olan istehsalçılara bu istiqamətdə dəstək göstərilməsi onları irəli çəkə bilər.

  4. Bir digər üsul təhsilə investisiyadır. İnkişafdan geri qalan ölkələrdə bizneslər çox zaman məhz yanlış idarəçiliyin qurbanı olur. Bu səbəbdən doğru yetişdirilmiş biznes təşəbbüskarları və insan kapitalı ölkədə sahibkarlığın və istehsalın artımına gətirib çıxarar. Unutmayaq ki, sahibkarlığın inkişafı həm də iş yerlərinin artması deməkdir.

  5. Bizneslərin inkişafına mane olan amillərdən biri bürokratik prosedulardır. Dövlətin bu prosesləri sadələşdirməsi ("ASAN" xidmət, "Elektorn Hökumət", "Bir Pəncərə" sistemləri) və bu istiqamətdə maarifləndirmə apararaq sahibkarlarara yardım etməsi bu barieri aradan qaldıracaq.

Sadaladıqlarım istehlaka təkan verən stimullardan sadəcə bəzi nümunələrdir. Buarada bir haşiyə açaq:

 

Söhbət ümumi istehlakı yox, məhz yerli istehlakı artırmaqdan gedir.

 

Yuxarıda qeyd olunan stimullar sadəcə müəyyən bir dövr üçün keçərlidir. Zaman keçdikcə sağlam idarəetməyə sahib müəssisələr bazarda öz yerini tutur və heç bir kənar dəstək almadan daha səmərəli şəkildə istehsal edə bilir. Yəni dövlət dəstəyi daimi olmamalıdır. Müvəqqəti dövlət dəstəyi lazımdırmı, yoxsa onları "laissez faire" prinsipi ilə öz ixtiyarlarına qoymaq daha yaxşı olar? Bu sual elə sual olaraq qalır. Ona görə ki, bu barədə fikirlər müxtəlifdir.


Bəs siz istehsalı artırmaq üçün necə davranardınız?











92 views0 comments

Recent Posts

See All

Comments


Digər

bottom of page