top of page
Post: Blog2_Post

Pulun çoxu yük olarmı?

Bu dəfə sizə Molla Nəsirəddindən yox, özümdən danışacağam. Bir dəfə valideynlər arasında sorğu keçirmişdim. Sonda da belə bir sual ünvanlamışdım: "övladlarınıza nə arzu edərdiniz?" Respondentlərdən biri də məhz belə cavab vermişdi: "başından çoxlu pul tökülsün". Kimi düşünür ki, pul hər şeyi həll edir. Bəziləri də bu fikirlə tam razı deyil, onlara görə pul hər şeyi yox, amma çox şeyi həll edir. Başqaları da deyir, pul səadət gətirmir. Kimisinə görə şirin şeydir, bir başqasına görə əl çirkidir pul. Bəziləri onun ağasıdır, bəziləri nökəri. Uarren Baffet deyir, pulu oturduğun yerdən qazanmaq lazımdır, Nizami Gəncəvi isə alın tərindən bəhs edir. Hələ bir də misal var, deyirlər, kasıblar pul üçün işləyir, varlılar üçün isə pulun özü işləyir.

Ulu atalarımız da deyib ki, pulun çoxu yük olmaz. Amma bir qismi də deyib, çox pulun çox dərdi olar. Görəsən, hansı düz deyib?

Xeyr, bu gün sizə maddi və mənəvi zənginliyin müqayisəsindən danışmayacağam. Bu gün məhz pulun dəyərindən danışacağam. Pulun və digər maddi nemətlərin dəyərindən.

Əslində pulun özünün maddi nemət olub-olmaması da bir mübahisə mövzusu ola bilər. Çünki biz adətən deyirik ki, pul maddi nemətlərə çatmaq üçün bir vasitədir. Biz pulun özünü əldə etmək istəmirik, pulun bizim üçün yarada biləcəyi imkanlardan faydalanmaq istəyirik. Pul bizə daha yaxşı təhsil almaq, yaxşı evdə yaşamaq, keyfiyyətli qida və gözəl libaslardan istifadə üçün vasitəçilik edir. Əgər Dünyada pul olmasa idi, yaxud da, pulun başqa alternativi mövcud olsa idi, yəqin ki, biz pula bu qədər dəyər yükləməzdik. Yəni pula dəyər qazandıran, əslində, bizik.

Əskinazlar dövlət tərəfindən əməliyyatların aparılması üçün rəsmi vəsait kimi təsdiqlənir və dövriyyəyə buraxılır. Hər kəs bundan xəbərdar olur və çalışır ki, bu hər şeyə nail olmağa kömək edən "sehrli vəsaitdən" daha çox əldə etsin. Əgər bu vəsait öz sehrini (yəni dəyərini) itirsə, o zaman insanlar bu vəsaitdən vaz keçib ona alternativ olaraq əmtəələrdən mübadilə vasitəsi ("medium of exchange") kimi istifadə edəcəklər. Müxtəlif məhsulların dövlət əskinazları əvəzi alqı-satqıda istifadə olunması halı da elə "əmtəə pulu" ("commodity money") adlanır. Baxmayaraq ki, bu cür ticarət adətən pulun ixitirasından öncə üçün xarakterik hesab edilir, tarixdə müharibə, böhran, hiperinflyasiya kimi çətin dönəmlərdə pulun dəyərdən düşməsi nəticəsində insanlar əmtəələrdən (məsələn, siqaret) mübadilə vasitəsi kimi istifadə etmişlər.


Bəs yaxşı, pul necə dəyərdən düşür?

Bunun qısa konkret bir cavabı var: pul məhsuldan çox olarsa. Başqa sözlə, Mərkəzi Bank dövriyyəyə lazımından çox pul buraxarsa. Bunu mən demirəm Qreqor Menkyu deyir. 9-cu prinsipdə qeyd edir ki, "dövlət çox pul çap etdikcə qiymətlər qalxır". Burada vacib bir məsələ də qeyd edək: dövriyyədə olan pulun artması təkcə yeni pul çapından dolayı olmur. Əhalinin əlində olan pulun miqdarının artması qiymət artımı (pulun dəyrədən düşməsi) ilə nəticələnir. Çünki daha çox pul daha çox tələb, daha çox tələb isə qiymət artımı deməkdir. 9-cu prinsipi bir növ 7-ci prinsipin əksi kimi də düşünmək olar. Çünki 7-ci prinsipdə rifahın istehsal miqdarından asılı olduğunu deyir. Yəni hər məhsul başına düşən pulun miqdarı artarsa, qiymət artımı baş verər (bax: millətlərin rifahı istehsalatdan asılıdır).


Belə baxsaq, əslində var-dövlət pulun çoxluğu ilə ölçülür və istehsalatın əsas məqsədi də pul qazanmaqdır. Pul çap etmək də dövlətin (Mərkəzi Bankın) əlindədir. Bəs onda nəyə görə dövlət sadəcə daha çox pul çap etməklə varlanmır?


Göydən pul yağarsa...

Pul göydən tökülmür deyirlər. Yəni çətinliklə qazanılır. Göydən yağsaydı, həyat daha rahat olardı. Olardı? Əslində keçmişə nəzər salsaq bu həqiqətən də, tarixdə baş verib. Daha doğrusu, baş vermək istəyib. Faşist Almaniyasının İngiltərəni məhv etmək üçün həyata keçirdiyi bu əməliyyat tarixdə müəllifi Bernhard Krügerin şərəfinə "Berhard əməliyyatı" adlandırılıb. Ölkələrin bir-birinin üstünə bombalar, mərmilər yağdırdığı II Dünya Müharibəsində İngiltərə səmalarından bomba əvəzinə İngiltərə Bankının qiymətli kağızlarını yağdırmaq kimin ağlına gələrdi? Bernhard Krügerin ağlına gəlmişdi (ancaq sonra vaz keçib qiymətli kağızları xarici kəşfiyyatçılara və agentlərə ödəniş etmək üçün istifadə etmək qərarına gəldi). Məqsəd nə idi? Bax elə bu prinsipin məğzi budur. Adında deyildiyi kimi, dövlət çox pul çap edəndə qiymətlər qalxır. Bu pulun alıcılıq qabiliyyətinin azalması deməkdir. Yəni əvvəl bir konfet 50 qəpik idi və siz 1 manata 2 konfet ala bilərdiniz. İndi isə konfet bahalaşıb və bir manat olub və siz 1 manata  1 konfet ala bilirsiniz. Deməli, sizin bir manatınız indi daha az şokolada bərabərdir və sizi daha az təmin edir.


Dövriyyədəki məbləğ artanda niyə qiymətlər qalxır?

Bunun arxasında, əslində çox sadə riyazi məntiq dayanır:

mənim 500 AZN pulum var;

dövriyyədə isə 500,000 AZN məbləğində vəsait mövcuddur;

yəni bütün pulun 1/100 hissəsi məndədir.


Əgər bu məbləğ 5,000,000 olsa,

onda mənim pulum bütün vəsaitin 1/1000-nə bərabər olar.


Yəni mən ümumi dövrəyyədəki pula nisbətdə yoxsullaşaram. Bazardakı istehsalat miqdarı isə sabit qalır. Məsələn əvvəl 100 çörək istehsal edilirdisə, yenə 100 çörək istehsal ediləcək. Təbii ki, qısa dönəmdə əhalinin əlində pulun artması, onların daha çox məhsul almasına, bu da qiymətin artmasına təkan verir. İstehsalatda artım olması üçün isə zaman lazımdır. Ona görə qiymət artımı daha öncə baş verir. Qiymət artdıqca, alıcılıq qabiliyyəti yenidən aşağı düşür və və qiymətlər təkrar azalır.





Məşhədi, bəs mənim bir manatım?





Qiymət azalması işsizlik probleminə də səbəb ola bilir. Bunu sadə bir nümunə ilə izah edək:

Pulu olan iki alıcı bazardakı 2 almanı alır, digər pulu olmayan isə qıraqda qalır.


Dövlət o alıcıyada 1 manat verir. O da, təbii ki, sevincək tez bazara qaçır. Bazarda yenə 2 alma var. Və artıq pulu olan 3 alıcı var.  Onlardan sadəcə ikisi alma ala bilər. Və indi üçü də çaşqınlıq içindədir.

Satıcı onun almalarına tələbin artdığını görür, tələb artanda qiymət artır, çünki onu istəyən çoxdur. Burda tələbat 3 almadır, bazarda isə cəmi 2 alma var. Satıcı da bunu görüb qiyməti qaldırır. Əvvəl 2 alma və 2 manat var idi (2/2=1 manat) ona görə də alma 1 manat idi. İndi 2 alma, 3 manat var (3/2= 1,5 manat) ona görə alma 1,50 manat oldu (qeyd: bazarda məhsulların qiymətinin qalxmasına inflyasiya deyilir).Əslində dolların manata nəzərən qiymətinin qalxması da buna bənzər bir nümunədir. Ölkədə dolların miqdarı az, manatın miqdarı çox olduqca, manat dəyərdən düşür. Təbiidir ki, az olan şeyin dəyəri çox olar. Məhsullar manatdan daha az olduqca qiyməti qalxır, ölkədə dollar az olanda da manata nəzərən dəyəri qalxır (qeyd: bir valyutanın məzənnəsinin digərinə nəzərən aşağı düşməsinə devalivasiya deyilir).


Daha uzun zaman içində bazar özü-özünü tənzimlədiyinə görə maaşlar da və digər qiymətlər də qaydasına düşəcək amma əsas problemlər qısa dönəmdə yaranır. İnsanlar qiymətlərə adaptasiya olmaqda çətinlik çəkir. Qiymətlərin qalxdığını görən müştərilər daha az məhsul alır, satış aşağı düşdükcə istehsalçılar daha az istehsal edir, istehsal aşağı düşəndə xəecləri azaltmaq üçün işçilər ixtisar olunur və nəticədə işsizlik artır. Müəyyən vaxt keçdikcə, istehsalat əvvəlki vəziyyətinə qayıdır, yeni iş yerləri formalaşır və bazar yeni qiymətlərlə həyatına qaldığı yerdən davam edir.


Pulumuz nə qədər olursa, olsun bizim zənginliyimiz və rifahımız o pulun müqabilində ala bildiklərimizdir. Pul həm hər şeydir, həm də heç nə. Bu prinsip bizə ilk baxışdan qəribə görünə bilər, çünki biz pulu hədəf olaraq qiymətləndiririk, şüuraltı olaraq onu bu cür qəbul etmişik.



Əslində isə, o sadəcə vasitədir. Gedəcəyin yerə maşının olmasa çata bilməzsən, amma gedəcəyin yer olmasa, maşınının olması sənin daha yaxşı yaşamağına şərait yaratmaz. Arzularımıza əzmkarlığımız olmasa, çata bilmərik. Amma arzumuz olmasa, əzmkarlığımızın bir mənası olmaz. Əsas gedəcəyimiz bir yer olsun. Arzularımız olsun. Bu da iqtisadiyyatla həyatın daha bir bənzərliyi.



Xudahafiz!

 

İstinadlar:


Operation Bernhard:

Commodity money:


Növbəti bloqda: İnflyasiyanın zərərləri. Ən dəhşətli nümunələr üzərindən. : - )


35 views0 comments

Recent Posts

See All

Comentários


Digər

bottom of page